Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması ümumən Azərbaycanı qane edir'' - Əli Hüseynli

''Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması ümumən Azərbaycanı qane edir'' - Əli Hüseynli

Tarix: 23 Oktyabr 2020 14:45

Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması ümumən Azərbaycan cəmiyyəti tərəfindən müsbət qəbul olunur.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, baxmayaraq ki, müəyyən tarixi məqamlarla bağlı, münaqişənin başlama dövrü, 1988, 1992-ci illərlə bağlı fikirlər birmənalı qəbul olunmur, amma açıqlamanın ümumi ruhu əlbəttə ki, Azərbaycana verilən dəstəyi nümayiş etdirir:

"Bunun əsas iki səbəb var. Birinci səbəb odur ki, Vladimir Putin bu açıqlamalarını Valday formatında etmiş oldu. Bilirsiniz ki, bir müddət öncə cənab Prezident İlham Əliyev məhz həmin forumda çıxış edərək Ermənistanın baş nazirinə və Ermənistana öz yerini göstərmişdi və söyləmişdi ki, "Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi". O forumda belə bir şərait yaranmışdı və cənab Prezident o şəraitdən çox səmərəli istifadə etmişdi.

İkincisi, Vladimir Putin öz açıqlamasında söylədi ki, Azərbaycan ərazilərinin əsaslı bir hissəsi işğal olunub. Yəni Azərbaycan ərazilərinin işğal olma faktı səsləndi. Bu çox vacib amil idi, çünki əvvəllər heç də biz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını bu səviyyədə eşitmirdik. Bu baxımdan forumda belə fikrin səslənməsi çox vacibdir. Çünki məhz bu işğal faktına görə Azərbaycan ordusu indi öz işğal olunmuş ərazilərini qaytarır və bu onun haqqıdır. Və nəhayət üçüncü vacib məqam odur ki, Putin söylədi ki, Azərbaycana və Ermənistana münasibətlər eynidir. Əlbəttə ki, bu, Azərbaycan cəmiyyəti üçün çox vacibdir, çünki münaqişənin birinci dövründə biz Rusiyanın məhz Ermənistana dəstək verdiyini görürdük və məhz bu dəstəyə görə də Ermənistan hərbi üstünlük əldə etmişdi.

Bizə isə lazım olan, bizim gözləntimiz neytral mövqedir, münaqişəyə qarışmamaqdır. Biz buna nail olmuşuq və bu, Vladimir Putin tərəfindən səsləndirilib. Hesab edirəm ki, məhz bu parametrlərdən analiz etsək, bu açıqlamalar ümumən Azərbaycanı qane edən bir açıqlamalardır".


Etiketlər:  Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlaması ümumən Azərbaycanı qane edir Əli Hüseynli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ