Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2020 12:21
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.
Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməyəcəkdilər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma "Dağlıq Qarabağ respublikası" keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaiyyətə təqdim edirdilər".