Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Paşinyanla razılaşmalar bundan sonrakı mərhələdə daha rahat olacaq"

Tarix: 4 Dekabr 2020 16:33

"Putin də o barədə fikir bildirib ki, Ermənistan üçün razılaşmadan imtina faktiki olaraq özünə qəsd deməkdir".

Bunu Milli.Az-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov iki gün öncə KTMT-nin iclasında Rusiya dövlət başçısı Vladimir Putinin səsləndirdiyi "Ermənistanın hazırkı baş nazirinə dəstək göstərmək vacibdir. Çünki məhz o, bu çətin qərarın verilməsinə görə məsuliyyəti öz üzərinə götürüb" fikirlərini şərh edərkən deyib.

Ekspert bildirib ki, Azərbaycan üçün də Paşinyan hakimiyyəti dövrünün uzanması daha sərfəlidir:

"İnanmıram ki, Ermənistan hansısa, indiki hakimiyyətdən fərqli bir siyasi qüvvəsi lap hakimiyyətə gəlsə belə, o, razılaşmadan tam şəkildə imtina edəcək. Bu, mümkün görünmür. Amma Putinin bu açıqlamasının mənası odur ki, doğrudan da axı Paşinyan bu məsuliyyəti faktiki öz üzərinə götürüb və Ermənistanın müharibədəki məğlubiyyəti kimi bir acı həqiqətin etirafı məhz Paşinyan hökümətinin dönəminə düşdü. Bu hökümət o məğlubiyyətə faktiki olaraq özü imza atdı. Ona görə də bu vəziyyətdə həm Putin üçün, həm bu bitmiş münaqişə ilə bağlı olan maraqlı tərəflər üçün, o cümlədən elə Azərbaycan üçün də Paşinyan hakimiyyəti dövrünün uzanması daha sərfəlidir. Çünki Paşinyanla razılaşmalar bundan sonrakı mərhələlərdə daha rahat olacaq. Burada söhbət bundan gedir. Ona görə də Putin yaxşı anlayır ki, Ermənistanın başqa alternativi yoxdur, bu razılaşmaya əməl etməlidir. Amma bundan sonrakı danışıqlar da var axı. Bundan sonra diplomatik müstəvidə siyasi müzakirələr olacaq, bu proses davam edir".

E.Məmmədov qeyd edib ki, müəyyən dövrdən sonra Rusiya üçün Paşinyan artıq lazım olmayacaq:

"Bundan sonra Ermənistanla Rusiya, Ermənistanla Azərbaycan, Rusiya ilə Azərbaycan arasında kommunikasiyaların istifadəyə verilməsi ilə bağlı yeni danışıqlar aparılacaq, yeni qərarlar olacaq. Putin məhz o fikirləri bundan sonrakı proseslər nöqteyi nəzərindən qeyd edib ki, bizim konstruktiv əməkdaşlığımız üçün hazırki şəraitdə Paşinyanın hakimiyyətdə qalması, Paşinyanın dəstəklənməsi lazımdır. Bununla Putin bölgədə maraqlı olan bütün tərəflərə bir mesaj ötürüb ki, yəni, bizim siyasətimiz Paşinyanın devrilməsinə istiqamətlənməməlidir. Və söhbət burada yaxın müddətli perspektivlikdən gedir. Müəyyən dövrdən sonra mən heç də istisna etmirəm ki, Rusiya üçün Paşinyan artıq lazım olmayacaq, ondan sonra münasibət də dəyişəcək. Amma bu yaxın müddətli perspektivdəki müəyyən razılaşmaların icrası, kommunikasiyalarla bağlı məsələlər, siyasi müstəvidə danışıqlar davam edəcək, o dövrdə şübhəsiz ki, həm Rusiya üçün, həm Azərbaycan üçün, həm bölgədə maraqlı olan digər ölkələr üçün Paşinyanın hələlik bu yaxın müddətdə hakimiyyətdə qalması daha məqbuldur, nəinki hansısa bir yeni qüvvənin gəlməsi. Çünki yeni qüvvə deyəcək ki, mənim bu məğlubiyyətdə məsuliyyətim yoxdur. Şübhəsiz ki, gələcək danışıqlarda daha iddialı, özünə daha arxayın və özünə daha inamla çıxış edəcək. Bu da nə Rusiya üçün, nə Azərbaycan üçün, nə də bölgədəki digər ölkələr üçün sərfəli hesab oluna bilər".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Paşinyanla razılaşmalar bundan sonrakı mərhələdə daha rahat olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ