Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərin dibi ilə çəkilən kabelləri oğurlayan və nərə balıqları qanunsuz ovlayanlara qarşı əməliyyatlar keçirilib (VİDEO)

Xəzərin dibi ilə çəkilən kabelləri oğurlayan və nərə balıqları qanunsuz ovlayanlara qarşı əməliyyatlar keçirilib (VİDEO)

Tarix: 6 Fevral 2021 13:06

Bakı. Samir Əli - Trend:

Su polisləri Xəzər dənizinin dibi ilə çəkilən müxtəlif təyinatlı kabelləri kəsərək oğurlayan və körpə nərə cinsli balıqları qanunsuz olaraq ovlayan şəxslərə qarşı əməliyyatlar keçirib

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Mərkəzinin Regional Şöbəsinin “Zirə” Sahil Nəzarət Bölməsinin əməkdaşları ilə birgə həyata keçirdikləri növbəti əməliyyat zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd hərəkətlərin qarşısı alınıb.

Qeyd edildiyi kimi idarənin əməkdaşları Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı kabelləri kəsib satışını təşkil edən şəxslərə qarşı mübarizəni mütəmadi olaraq davam etdirir.

Belə ki, sonuncu belə tədbir zamanı Xəzər rayonu Zirə qəsəbəsi istiqamətində dəniz sahilində vətəndaşlar Elman Nəsirov, İlqar Əhmədov və Mövla Dövlətov saxlanılıblar. Onlara məxsus mühərriklə təchiz edilmiş qayığa baxış zamanı həmin şəxslərin dənizdən kəsərək oğurladıqları ümumi çəkisi 200 kiloqram olan müxtəlif ölçülü və təyinatlı kabellər aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər əvvəlcə balıq tutmaq üçün müvafiq dövlət qurumlarında kvotalar əldə ediblər. Xəzər dənizinə balıq tutmaq adı ilə gedən dəstə üzvəri orada bunun əvəzində suyun altı ilə gedən kabelləri kəsərək ələ keçiriblər. Bu şəxslərə məxsus mühərriklə təmin edilmiş qayığa baxış zamanı bir dənə də olsun balığın aşkar edilməməsi onların əsl məqsədlərinin məhz sualtı kabel xətlərini oğurlamaq olduğunu deməyə əsas verir. Hazırda polis idarəsində dəstə üzvləri ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir. Su polisləri tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı bundan sonra da əməliyyat tədbirləri davam etdiriləcək.

Su Nəqliyyatında Polis İdarəsinin Brokonyerliklə Mübarizə Bölməsinin əməkdaşlarının Xəzər dənizinin Sumqayıt şəhəri Corat qəsəbəsi istiqamətində keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovlamaqla məşğul olan Rafət Ayazov və Hikmət Səmədov saxlanılıblar. Onlara məxsus asma mühərriklə təchiz edilmiş qayığa baxış zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə, eləcə də digər cinsli balıqlar aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin icazələri və kvotaları olmadan müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqları qanunsuz tutduqları məlum olub. Aşkar edilən nərə balıqları polis əməkdaşları tərəfindən təkrar Xəzər dənizinə buraxılıb. Qanunsuz balıq ovu ilə məşğul olan Rafət Ayazov və Hikmət Səmədov barəsində qanunla nəzərədə tutulan qaydada tədbir görülüb.

Su Polisləri tərəfindən həmçinin adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilməsi istiqamətində də tədbirlər davam etdirilir. İdarənin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu, “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində, Xəzər dənizinin Siyəzən rayonu, eləcə də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bundan sonra da Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə mütəmadi olaraq paytaxt ərazisində, eləcə də bölgələrdə yol kənarında icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparacaq, qanun pozuntusuna yol verənlər barəsində müvafiq tədbirlər görəcəklər.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Etiketlər:  Xəzərin dibi ilə çəkilən kabelləri oğurlayan nərə balıqları qanunsuz ovlayanlara qarşı əməliyyatlar keçirilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ