Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 20:52
2020-ci ilin dördüncü rübündə dünyada 153,5 milyon "ağıllı" saat və digər elektron aksesuar satılıb ki, bu da 2019-cu ilin dördüncü rübündən 27,2 faiz çoxdur. İl ərzində ümumilikdə 444,7 milyon qurğu satılıb. Bu, 2019-cu ili 28,4 faiz üstələyib. Bu barədə "IDC" analitik şirkətinin hesabatında deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkət analitiklərinin sözlərinə görə, pandemiya zamanı istehlakçılar asudə vaxt xərclərini elektronikanın alışına yönəldirlər. Bundan başqa, sağlamlığa yüksək diqqət fitnes-treker və tibbi funksiyalı (temperatur, nəbz və s. ölçən) digər aksesuarlara tələbatı artırıb. Lakin artım bütün bazar seqmentlərində qeydə alınmayıb. Belə ki, bilərziklərin satışı 17,8 faiz azalaraq hazırda ümumi satış həcminin 11,5 faizini təşkil edir. Həmçinin 64,2 faiz qulaqcıqların, 24,1 faiz saatların payına düşür.
"Apple" ən böyük elektron aksesuar istehsalçısı olaraq qalır. "Apple" saatlarının satışı 45,6 faiz, qulaqcıqlarının 22 faiz artıb. "Apple" şirkəti ümumilikdə 55,6 milyon (bazarın 36,2 faizi) qurğu satıb.
İkinci yeri satış həcmində artımı 5 faiz təşkil edən "Xiaomi" tutub. Populyar "Mi Band" qurğularının satışı komponent hissələrin çatışmazlığı səbəbindən 18,3 faiz azalıb. "Samsung" şirkəti üçüncü yerini (bazarın 8,5 faizi) qoruyub. "Huawei" şirkəti isə dördüncü (6,7 faiz) pilləyə enib. Beşinci (3,5 faiz) mövqedə yalnız Hindistanda fəaliyyət göstərən "BoAt" şirkəti qərarlaşıb.