Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 11:54
Əsir götürülən 62 erməni terrorçu Ermənistana qaytarılsa, bizim İrəvana təzyiq mexanizmimiz tükənər.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında politoloq Natiq Miri deyib.
O bildirib ki, əsir terrorçular Ermənistandakı seçkilər bitməyənədək qaytarılmamalıdır:
"62 erməni terrorçunun 10 noyabr anlaşmasından sonra həbs edilərək, barələrində cinayət işinin açılması hadisəsi Azərbaycanın Ermənistana yeganə təzyiq formasıdır. Buna görə də Azərbaycan bu cinayətkarları Ermənistandakı parlament seçkilərinə qədər geri verməli deyil. Seçkilərdə Paşinyan qalib gələrsə, minalanmış ərazilərin xəritəsinin verilməsi və s. məsələlər yenidən gündəmə gətiriləcək və ölkəmizin bununla bağlı bir çox iddiaları və tələbləri olacaq. Bunların başında Qarabağda olan erməni yaraqlıların dərhal və qeyd-şərtsiz ərazini tərk etməsi olacaq. İkinci məsələ isə Zəngəzur dəhlizinin açılması məsələsidir. Düşünürəm ki, bu məsələləri həyata keçirmək üçün erməni cinayətkarların Ermənistana verilməməsinə ehtiyac var. Çünki onlar Ermənistana verilərsə, bizim İrəvana təzyiq mexanizmimiz tükənər. Qeyd edim ki, İrəvandakı ictimai-siyasi vəziyyət bu həsas məsələyə görə də gərgin müstəvidə davam edir. Bu səbəbdən bu cür mexanizmləri Azərbaycan əldən verməməlidir. Düşünürəm ki, parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzi qalib gələrsə, artıq Zəngəzur dəhlizinin açılmasından ciddi mənada danışmaq mümkün olacaq. Paralel olaraq erməni yaraqlıların da Qarabağ ərazisindən çıxarılması tələb olunmalıdır. Bununla bağlı 10 noyabr bəyanatının 4-cü maddəsində olan öhdəliyi üzərinə götürən Rusiya təəssüf ki, öz geosiyasi maraqları kontekstində bu prosesə nəzarət və idarə etmək istəyir".