Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşada tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi “Təmiz Şəhər”ə tapşırılıb - SƏRƏNCAM

Şuşada tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi “Təmiz Şəhər”ə tapşırılıb - SƏRƏNCAM

Tarix: 22 Iyun 2021 14:48

Prezident İlham Əliyev Məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında yaşayış məntəqələrinin abadlaşdırılması və ətraf mühitin qorunması dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsullarla təmin edilir. Bu çərçivədə tətbiq edilən tullantıların idarə edilməsi sistemi ətraf mühitin mühafizəsi standartlarına uyğun olmaqla, şəhərlərin ekologiyasının yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.

Ölkədə ekoloji tarazlığın mühafizəsi məqsədilə tullantıların idarə edilməsi sahəsində formalaşmış təcrübənin digər ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində reallaşdırılması atmosferə və ətraf mühitə mənfi təsirlərin azaldılması, resurslardan davamlı istifadə, habelə müasir ekoloji idarəetmə sisteminin inkişafı üçün geniş imkanlar yaradar.

Sərəncama əsasən Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

"Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilib:

2.1. adında "Bakı şəhərində məişət" sözləri "Məişət" sözü ilə əvəz edilsin;

2.2. preambula üzrə:

2.2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasında əldə edilən sosial-iqtisadi nailiyyətlər yaşayış məntəqələrinin müasir şəhərsalma və tikinti fəaliyyətinin prinsipləri əsasında inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.";

2.2.2. dördüncü abzasda "Bakı şəhərində məişət" sözləri "Məişət" sözü ilə əvəz edilsin;

2.3. 2-ci hissəyə "zərərsizləşdirilməsi" sözündən sonra ", həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin və Şuşa şəhərinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması" sözləri əlavə edilsin;

2.4. 4-cü hissəyə "Bakı şəhərinin ərazisində" sözlərindən sonra "(Qala qəsəbəsi istisna olmaqla)" sözləri əlavə edilsin;

2.5. 6-cı hissədə "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Etiketlər:  Şuşada tullantıların yığılması daşınması zərərsizləşdirilməsi Təmiz Şəhərə tapşırılıb SƏRƏNCAM


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ