Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Mil-Muğan kollektoru təmizlənir - VİDEO

Baş Mil-Muğan kollektoru təmizlənir - VİDEO

Tarix: 6 Iyul 2021 12:40

Kollektor 260 min hektar əraziyə xidmət edir

Baş Mil-Muğan Kollektoru Muğan torpağında kənd təsərrüfatının inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir.

Bu kollektor təkcə qrunt sularının dənizə axıdılmasına deyil, həm də Kür çayının ekoloji tarazlığının qorunmasına da xidmət edir. Kollektor 260 min hektar ərazinin qrunt sularını Xəzər dənizinə axıdır.

Baş Mil-Muğan Kollektorunun istismar idarəsinin rəisi Bulat Ağabəyov:


"Cənub-1 Kollektorunun dənizə tökülən hissəsində, haradasa 100-cü buketdəyik. Burada kollektorun həm sağ, həm də sol tərəfi ilə Draqlayn (Dragline) ekskavatorları işləyir. Bunların funksiyası kollektorun içərisində mövcud olan qamışı, lilləməni, daha çox axına mane olan çıxarları götürür və kollektoru saz hala salır".

Gördüyünüz bu ərazidə isə buldozer şor-drenaj kanalının üstünü hamarlayır, ekskavatorlar həmin ərazini lildən təmizləyir. Müəyyən müddət keçəndən, həmin torpaq sahəsi quruduqdan sonra hamarlanır.

Fermer Elvin Əzizli:
"Hal-hazırda bizim ərazidə Mil-Muğan Kollektoru idarəsinin 4 texnikası işləyir. Bunlardan 3-ü ekskavator, 1 buldozer işləyir hamarlamaq üçün. İşlər gözəl nəticələnir, gözəl davam edir. Biz bu şəraitdən razıyıq, mən və başqa fermerlərin adından demək istəyirəm ki, öz çox sağolumuzu bildiririk".

Fermer Fəxrəddin Nəzirov:
"120 hektar sahədə pambıq, qarğıdalı, arpa, buğda və yonca məhsulları əkmişdim. Keçən il məhsulumuz yaxşı inkişaf edib, yaxşı olub. Bu il 150 hektara çatdırmışam. Bizdə Şirvan zonasıdır, torpaqlar həmişə suda şor duzlar yuyulur. Yuyulma nəticəsində şor-drenaj kanallarının lildən təmizlənməsi sızmanı artırır. Nəticədə də şor torpaqlar şirinləşir və məhsuldarlıq artır. Biz artıq hər il hektarları artırırıq və hər hektarda məhsuldarlığı artıra bilirik".

Baş Mil-Muğan Kollektoru əsas mənbəyini Kürdəmir rayonun Mollakənd kəndi yaxınlığında Mil-Qarabağ Kollektorundan götürür. Köməkçi kollektorlardan ikinci ən böyüyü isə 70 km-ə yaxın uzunluğu olan Muğan-Salyan Sutullayıcı Kollektorudur. Hər iki kollektorun üzərində körpülər tikilir. Yeni, ikinci nasos stansiyasının gələcəkdə istifadəyə verilməsi planlaşdırılır.

Baş Mil-Muğan Kollektorunun istismar idarəsinin rəisi Bulat Ağabəyov: 
"Bizim əsas funksiyamız balansımızda olan 1515 km kollektor-drenaj sistemini saz vəziyyətdə saxlamaq üçün onun üzərində tikinti-abadlıq işləri aparırıq. Müxtəlif kollektorlarda texnikalar işləyir, lildən təmizləmə, sonra kollektor üzərində qoyulmuş qurğuların, körpülərin təmir olunması, akvedukların, dukerlərin, bütün bunların saz vəziyyətdə saxlanılması bizim üçün ən əsas şərtlərdən biridir".

Kollektorlarda təmizləmə işləri suyun həcmi aşağı olan vaxtlarda görülür və 2 ay ərzində başa çatacaq. Müəyyən ardıcıllıqla digər kollektorlarda da analoji işlər aparılacaq.

Uzunluğu 141 km olan Baş Mil-Muğan Kollektorunun funksiyası Kür-Araz ovalığında, əsasən, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarının ərazisindən minerallaşmış qrunt suyunu öz axımı ilə Xəzər dənizinə axıtmaqdır. Kollektor 260 min hektar əraziyə xidmət edir. Digər rayonlardan, kollektorlardan gələn suları da qəbul etsək, 500 min hektar ərazinin çıxar sularını Xəzər dənizinə axıdır. Muğan zonasının münbit torpağa çevrilməsində əsas rolu Baş Mil-Muğan Kollektoru oynayır. Hər il bu kollektor və onun köməkçi qolları vasitəsilə 1,5-1,6 milyard kubmetr minerallaşmış qrunt suyu Xəzər dənizinə tökülür ki, həmin suların minerallıq dərəcəsi 4-5 q/l olur. Bu da 1000 tonlarla duz deməkdir.


Etiketlər:  Baş Muğan kollektoru təmizlənir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ