Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2021 13:56
Ötən ilin yekunlarına görə pambıq yığımı üzrə ən yüksək məhsuldarlıq əldə olunan Salyan rayonunda bu il pambıq sahələrinin həcmi artıb.
Kənd Təsərrüfatı Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, 2020-ci ildə Salyanda 5 min hektar sahədə pambıq əkini aparılıb, fermerlər mövsümün sonunda tədarük məntəqələrinə 20 min tondan artıq pambıq təhvil veriblər. Bu il isə rayonda 6124 hektar sahədə pambıq əkilib. Sahələrdə aparılan monitorinqlər Salyan rayonunun bu il də orta məhsuldarlıq göstəricilərinə görə ilk yerlərdə qərarlaşacağını göstərir.
Kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçı fermerlərlə görüşüb, sahələrə baxış keçirib, əkinlərin vəziyyəti ilə maraqlanıb. Rayonun Boranıkənd kəndində açıq sahədə keçirilən görüşdə qrafikə uyğun aqrotexniki qulluq tədbirlərinin aparılması, suvarma məsələləri, fermerlərin gübrə, dərman və texnika ilə təchizatı, bitki mühafizə tədbirləri, pambıqçılığa dövlət dəstəyinin daha da gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, pambıqçılıq fermerlərin gəlirlərinin artmasında mühüm rol oynadığı kimi, kənd əhalisi arasında məşğulluq səviyyəsinin yüksəlməsinə də ciddi təsir göstərir.
Bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya miqdarı), təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manata satın alınır. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini digər yazlıq əkinlər kimi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan ediblər.
Fermerlər bu il çiyid səpini aparılmış bütün sahələrdə yaxşı çıxış alındığını, hazırda texnoloji xəritəyə uyğun dərmanlama işlərinin aparıldığını qeyd ediblər. Görüş zamanı fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.