Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 16:33
Son zamanlar bitki mənşəli süd istehlakı əvvəlki illərə nisbətən artıb. İnək və keçi südü badam, kokos, soya südü ilə əvəz olunur.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, mütəxəssislər heyvan südü və bitki südünün faydası arasında fərq qoymaqda çətinlik çəkirlər.
Bildirirlər ki, bunlar arasındakı fərq insanlarda allergiya kimi hallarda özünü büruzə verir.
Mütəxəssislərin sözlərinə görə, bitki südlərində protein, kalsium və B vitamini nisbəti heyvan mənşəli olanlardan daha aşağıdır, kalorisi azdır, doymamış yağlar yüksəkdir, laktozasızdır və həzmi daha asandır. Bundan əlavə, bitki südü tərkibinə vitamin-mineral qatmaqla da zənginləşdirilə bilər.
Soya südünün tərkibindəki zülalın miqdarı heyvan südünün tərkibinə daha yaxındır.
Mütəxəssislər kokos südünün orta zəncirli yağ turşuları sayəsində həzmi asanlaşdırdığını və maddələr mübadiləsini canlandırdığını bildirirlər. Kokos südü mədə-bağırsaq üçün çox faydalıdır.
Yağ və xolesterolun miqdarını məhdudlaşdırmaq istəyənlər yağsız süddən istifadə edə bilərlər. Heyvan südü vacib protein, kalsium, fosfor, sink, niasin (nikotin turşusu), B1-B2-B6-B12 vitaminləri qaynağıdır. Yağ və xolesterin qəbulu məhdud olan insanlar yağsız süd məhsullarına üstünlük verə bilərlər.
Gündəlik süd istehlakı xəstənin klinik vəziyyətinə və yaşına görə dəyişə bilər. Əgər xüsusi bir hal yoxdursa, hər kəs orta hesabla 2-3 porsiyon süd istehlak edə bilər. 1 porsiyon süd 200 ml hesab olunur.