Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 16:45
Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan və Finlandiya arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğu vurğulanıb.
Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, kənd təsərrüfatı, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair, eləcə də regional təhlükəsizlik məsələləri, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması üzrə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib.
Tərəflər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib. O, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib və üçtərəfli bəyanatın icrasının vacib olduğunu vurğulayıb.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.