Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 08:12
iPhone 13 seriyasının Pro modellərində reallaşdırılmış yeni özəlliklərdən biri də ondan ibarətdir ki, onların kameralarından biri makroçəkiliş rejimini dəstəkləyir. Bunun sayəsində smartfonlar çox yaxın məsafədən keyfiyyətli fotoların çəkilməsi imkanını verirlər. Bir çoxları bu rejimdən istifadə edərək öz fotolarında təbiətin kiçik detallarını əks etdirdikləri bir vaxtda Tommy Korn adlı həkim aşkar edib ki, iPhone 13 Pro Max-ın makro kamerası göz xəstəliklərinin diaqnostikasında və müalicəsində faydalı ola bilir.
Öz LinkedIn hesabında oftalmoloq (göz həkimi) özünün yeni iPhone 13 Pro Max modeli vasitəsilə pasientinin görmə qabiliyyətini yoxlama təcrübəsini bölüşüb. Smartfonda olan makroçəkiliş rejimi vasitəsilə Korn gözlərin çox detallı fotolarını çəkə bilir. Bu isə öz növbəsində pasientin səhhəti ilə bağlı vacib faktorların təyin edilərək onların müşahidəsini mümkün edir. Həkim smartfonun kameralarının imkanlarını öz pasientinin misalında sərgiləyib. Belə ki, onun pasientinin gözlərinə yeni buynuz qişası köçürülüb və həkim tez-tez sıyrıntıların sağalıb-sağalmadığını müşahidə etməlidir.
Korn bildirib ki, iPhone 13 Pro Max bu məsələdə professional cihaz adına namizəd ola bilər. Qeyd etmək lazımdır ki, iPhone 13-ün Pro modellərində yeni kamera rejiminin olmasına baxmayaraq Apple şirkəti makro çəkilişlər üçün yeni obyektiv əlavə etməyib. Bunun yerinə smartfonlar f/1.8 diafraqmalı və 120 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektivə sahib təkmilləşdirilmiş kameranı əldə ediblər. Nəticədə kamera avtofokus və proqram təminatı vasitəsilə 2 sm məsafədən keyfiyyətli makro fotolar çəkə bilir.