Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadınlarda öd daşı problemi: necə qorunmaq olar?

Qadınlarda öd daşı problemi: necə qorunmaq olar?

Tarix: 4 Dekabr 2021 18:18

Öd daşından əziyyət çəkənlərin əksəriyyəti xanımlardır. Xüsusən, hamiləlik dövründə yaranan öd kisəsi problemi ilə bağlı şikayətlərin sayı artıb. Bu şikayətlə qaşılaşmamaq üçün hamiləlikdə və sonrakı dövrdə nələrə diqqət etmək lazımdır?

Milli.Az bildirir ki, bununla bağlı Axar.az-a açıqlama verən mama-ginekoloq Aynurə İsmayılova bildirib ki, qadınlarda öd daşı problemi hazırda ən aktual məsələlərdən birinə çevrilib.

"Öd kisəsində problem varsa, bu, özünü hamiləliyin gedişatında göstərə bilər. Bu problem xüsusən hamiləliyin birinci mərhələsində - qadında ürəkbulanma, qusma olarkən daha çox gərginləşə bilər. Əgər öd kisəsi daşı varsa, ya da öd kisəsində digər problemlər varsa, bu, qadının vəziyyətini ikiqat pisləşdirə bilər. Bu səbəbdən daha məqsədəuyğundur ki, xanımlar hamilə qalmazdan öncə daxili orqanlarının ultrasəs müayinəsini keçirsin, şikayəti varsa, həkim-terapevtə müraciət etsin. Hamilə qalmadan öncə problemini həll etsin. Bəzən xanımlar bu məsələyə laqeyd yanaşır, müraciət etmirlər. Hamilə olduqda təyin olunur ki, öd kisəsində problem var. Bu zaman qadın həm terapevt, həm də mama-ginekoloqun nəzarətində olmalıdır", - o deyib.

A.İsmayılova bildirib ki, hamiləliyin üçüncü mərhələsi, yəni doğuşa yaxın dövrdə öd kisəsi problemi kəskinləşir:

"Bu dövrdə artıq uşaqlıq böyüyür, diafraqma yuxarı qalxır, qara ciyər tərəfi sıxır. Bu ərəfədə öd kisəsi problemi kəskinləşə bilər. Öd kisəsində problem olmayan xanımlarda da hamiləliyin üçüncü mərhələsində problem yaranması mümkündür. Bu səbəbdən həmin dövrdə qidalanmaya xüsusi diqqət edilməlidir. Gün ərzində 4-5 dəfə az-az qida qəbul olunmalıdır. Qazlı içkilərdən, yağlı və həzmi çətin yeməklərdən, hisə verilmiş qidalardan istifadə etmək tövsiyə olunmur. Meyvə-tərəvəzə, buxarda bişirlən qidalara üstünlük verilməlidir. Böyümüş uşaqlıq tərəfindən öd kisəsi və axarları sıxıldığına görə bəzi hallarda hamiləliyin xolestazı adlanan bir vəziyyət yaranır. Hamilə qadın dərinin kəskin qaşınmasından şikayət edir. Bu, qanda öd piqmentlərin artımı ilə bağlıdır. Bu halda mütləq həkimə müraciət etmək, müəyyən qan analizləri vermək lazımdır. Çox vaxt təhlükəli olmasa da, bəzi hallarda hamiləliyə təhlükə yarada bilər. Bu zaman doğuşu tezləşdirmək məcburiyyəti yaranır".

Həkimin sözlərinə görə, hamiləlikdən sonra çəki artımı getdiyinə görə qadında metabolik sindiromu yaranma ehtimalı yüksək olur:

"Ona görə hamiləlik müddətində normal çəki artımı 10-12 kiloqramdan artıq olmamalıdır. Hamilə qalmadan öncə də qadının çəkisi normada olmalıdır. Əgər piylənməsi olan, artıqçəkili xanım hamilə qalıbsa, hamiləlik dövründə və sonradan onun çəkisi bir az da artacaq. Öd kisəsi problemi maddələr mübadiləsinin pozulması ilə yaranır. Digər səbəb isə düzgün qidalanmamaqdır. Doğuşdan sonrakı ilk 6 ay ərzində xüsusən buna diqqət edilməlidir. Xanımlar arıqlamaq üçün 6 saatdan çox ac qalırlar. Bu, yanlış yanaşmadır. Çünki öd kisəsi hər 3-4 saatdan bir ödü buraxmalıdır. Əgər uzun müddət bu proses olmasa, daşların əmələ gəlməsinə, iltihablaşmaya gətirib çıxaracaq. Maye qəbulu da çox önəmlidir. Hamiləliyin üçüncü mərhələsinə qədər gün ərzində 2-2,5 litr maye qəbul etmək lazımdır. Üçüncü mərhələdə çox azaltmamaq şərti ilə su mütləq içilməlidir. Doğuşdan sonrakı dövrdə də südün normal gəlməsi üçün su içilməlidir. Bu, öd və böyrək daşı yaranmasının qarşısını alır. Təəssüf ki, çox qadın buna əməl etmir".

Milli.Az


Etiketlər:  Qadınlarda öd daşı problemi necə qorunmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ