Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2019 18:09
Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hal-hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib.
Nazir ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edərək, cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü bildirib.
Öz tərəfindən B.Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.
Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr aparıblar.
Görüşün sonunda E.Məmmədyarov Türk Şurasının Baş katibi B.Amreyevə, habelə onun müavinləri Qismət Gözəlov və Ömer Kocamana “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medallarını təqdim edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin