Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 19:36
Eşitmə qabiliyyətinin azalması həyatı ciddi şəkildə çətinləşdirir, ünsiyyəti azaldaraq iş seçimini məhdudlaşdırır. İnsanın eşitmə qabiliyyəti pisləşə və ya tamamilə itə bilər.
Həkimlər eşitmə qabiliyyətinin zəifləməsini təbii olaraq yaşla meydana gəldiyini hesab edir. Eşitmə ümumi olaraq 45 ilə 65 yaş arasında pisləşir.
Eşitmə zəifliyi qulağın həssas tük hüceyrələrinin zamanla zədələnməsi və siqnalın eşitmə sinirinə daha pis çatması səbəbindən baş verir.
İlk olaraq xışıltı və saatın hərəkət səsi eşidilmir. Bu baxımdan eşitmə qabiliyyətinin zəifləməsi beynin fəaliyyətinə mənfi təsir göstərdiyi üçün, həkimlər 50 yaşdan sonra illik eşitmə yoxlamasından keçirməyi məsləhət görür.
Beyin eşitmə qabiliyyətinin zəifləməsi səbəbindən ətrafdakı səsləri qavramaq üçün kifayət qədər məşq etmirsə, sinir əlaqələri tədricən yox olur. Nəticədə beyin nəinki eşitmə qabiliyyətini itirməyə başlayır, hətta qocalma prosesi daha da sürətlənir.
Buna baxmayaraq, erkən eşitmə itkisinin qarşısını almaq olar. Bunun üçün ilk olaraq qulaq pərdəsinin zədələnməməsinə diqqət etmək lazımdır.
Adətən zədələnmələr qulağın təmizlənməsi zamanı baş verir. Eyni zamanda, soyuqlayarkən burun boşluğu iltihabını və qulaq xəstəlikləri zamanı vaxtında müalicə olunmaq vacibdir.
Avropa alimləri yaşıl çayın eşitmə qabiliyyətinin pozulması zamanı qoruyucu qabiliyyətə malik olduğunu aşkar edib. Yaşıl çayın tərkibində sərbəst radikalların təsirini neytrallaşdıran faydalı resveratrol maddəsi var.
Bundan əlavə, həkimlər eşitmə funksiyasını qorumaq üçün sadə məşqlər etməyi məsləhət görür. Bunu etmək üçün gözləri bağlayaraq, ətrafda olan mümkün qədər səsləri eşitməyə çalışmaq lazımdır.
Səsin haradan gəldiyi müəyyənləşdirilməlidir. Bəzən ailə üzvləri ilə pıçıldaşaraq danışmaq da faydalıdır. Bu, daha sakit nitqi tutmağa kömək edir və eşitmə reseptorlarının işini yaxşılaşdırır.