Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pambığın alış qiyməti artırıldı

Pambığın alış qiyməti artırıldı

Tarix: 29 Avqust 2022 13:24

Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırığına əsasən, pambıqçılığın dəstələnməsi istiqamətində növbəti addım addım atılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr nəticəsində məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.

Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün

1-ci növün qiyməti 750 manatdan 800 manata,
2-ci növün qiyməti 730 manatdan 780 manata,
3-cü növün qiyməti 690 manatdan 740 manata,
4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb.

Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.

Qeyd edək ki, pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdi.

Beləliklə, pambıqçı fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq və xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.

Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.

Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib. Gələn aydan respublikada kütləvi pambıq yığımına start veriləcək.


Etiketlər:  Pambığın alış qiyməti artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ