Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölkədə mobil telefonlar kəskin bahalaşır

Ölkədə mobil telefonlar kəskin bahalaşır

Tarix: 1 Fevral 2023 08:56

Artıq vətəndaşlar xaricdən gətirdikləri "smartfon"lara görə vergi ödəyəcək - yeni qərar

Artıq fiziki şəxslər tərəfindən səfər zamanı ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməli olacaq. Bildirilir ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Ekspertlər bildirir ki, bu addım elektrotexnika satışı ilə məşğul olan iri şirkətlərin maraqlarına xidmət edir. Vətəndaş bir mobil telefonu özü işlətmək üçün gətirirsə, burada məhdudiyyət olmamalıdır. Gətirilən mobil telefonlara 18%-lik ƏDV tətbiq edilə bilər. Bununla bağlı açıqlama verilməsə də, bəyannamə doldurulan zaman əlavə vergilər tətbiq oluna bilər. Bundan başqa, güman olunur ki, İMEİ kodun bahalaşması da nəzərdə tutulub.

Əslində isə hər hansı mobil telefonun poçt şöbəsində qeydiyyata qoyulması da turizm potensialını artırmaq istəyən ölkə üçün uyğun deyil. Bu, turistlər üçün ciddi problem yaradır. Həmçinin ölkə əhalisi telefon alarkən qeydiyyata az qala 1 telefonun qiymətini ödəmək məcburiyyətində qalırlar ki, xüsusən də bu, bahalı və yeni model mobil telefonlara aid olur. Bu da onu göstərir ki, Azərbaycanda dolayı vergiləndirmə sistemi getdikcə daha çox artır.

Bütün bunların fonunda mobil telefonların bahalaşması gözlənilir.

Milli.Az bildirir ki, İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, fevralın 15-dən etibarən artıq fiziki şəxslər gətirdikləri yeni smartfonları gömrükdə bəyan etməli olacaqlar: "Burada İMEİ kodun bəyan edilməsindən söhbət gedir. Əslində yeni qayda İMEİ kodun bəyan edilməsidir. Çünki mövcud qaydaya görə onsuz da üzərinizdə gətirdiyiniz məhsulun dəyəri 800 dolları keçirdisə, bu, mütləq şəkildə gömrüyə bəyan edilməli idi. Lakin bu tənzimlənmirdi. Hava məkanında olan gömrük əməkdaşları ölkəyə daxil olan hər bir sərnişinin üzərində axtarış aparmırdılar. Buna görə də sərnişinlər rahatlıqla üzərlərində bahalı smartfonları ölkəyə keçirə bilirdilər. Hətta bəzi satıcılar külli miqdarda smartfonları ölkəyə keçirməyə çalışırdılar. Misal üçün, 50-60 smartfon keçirən zaman yaxalanan şəxslər olmuşdu. Sırf bunların qarşısını almaq üçün İMEİ kodun bəyan edilməsi məsələsi ortaya atıldı. Kimsə ölkəyə öz üzərində mobil telefon gətirirsə, gömrükdə bəyan etməlidir ki, ölkə ərazisində istifadə edə bilsin. Bu günə kimi bəyan etmədən də ölkəyə smartfon keçirə bilirdiniz. İndi bu qaydanı daha sərtləşdiriblər ki, artıq məcburi şəkildə vətəndaş öz üzərində gətirdiyi yeni smartfonu bəyan etsin ki, onu daxildə istifadə edə bilsin. Bu zaman vacib olan, telefonun İMEİ qeydiyyatının aparılmasıdır. Yəni onun müvafiq qaydada rüsumunu ödəyib qeydiyyata saldırmalısınız. Smartfon qiymətinə və modelinə görə dəyişir. Əgər gətirilən smartfon 800 dolları keçirsə, sadələşdirilmiş bəyannamə doldurulur, gətirilən smartfonun dəyərindən 800 dollar çıxılır, yerdə qalan məbləğə gömrük rüsumu hesablanır. Səhv etmirəmsə, bu 36 faizdir. Burada müxtəlif gömrük yığımları və əlavə xərclər də olur ki, bunları hesablamaqla gömrük rüsumu tutulur. Fikrimcə, artıq İMEİ kodlarının qeydiyyatının rüsumlarına da yenidən baxıla bilər, azaldıla bilər. Çünki məcburi şəkildə gömrükdə vətəndaşlar tərəfindən bəyan ediləcək. Vətəndaşlar smartfonların İMEİ qeydiyyatını daha aşağı qiymətlərə aparsalar, daha yaxşı olardı. Bunu bir təklif kimi səsləndirirəm".

Ekspert əlavə edib ki, bu addımın atılmasında əsas məqsəd işbazların qarşısını almaqdır: "Çünki bazarda xarici ölkələrdən smartfonları bu yollarla gətirib daha ucuz qiymətə satan mağazalar var idi. Onlar böyük mağazalara nisbətən daha ucuz modellər təklif edirdilər, onlar birbaşa gömrük rüsumundan qaçırdılar.  Gömrük rüsumlarını ödəmədən gətirdikləri üçün daha ucuz qiymətə bazarda satıb haqsız rəqabətə yol açırdılar".

Yeri gəlmişkən, "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin təsdiq edilməsi barədə" 31 iyul 2018-ci il tarixli qərar ləğv edilib. "Dövlət rüsumu haqqında" Qanuna 3 dekabr 2021-ci il tarixli dəyişikliklə mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərinin müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən təsdiq edilməsinə dair müddəa ləğv edilərək mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri sözügedən Qanunun özündə əksini tapıb. Tənzimləmə zərurəti aradan qaldığı üçün Nazirlər Kabinetinin 2018-ci ildəki qərarı normayaratma tələblərinə və "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliyə uyğun olaraq ləğv edilib. Nəticə etibarilə, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri birbaşa "Dövlət rüsumu haqqında" Qanunun 33-5-ci maddəsi ilə tənzimlənir və qeydiyyat prosesi əvvəlki kimi davam edir.

Texnobloger Tariyel Ağazadə mövzu ilə bağlı "Yeni  Müsavat"a dedi ki, belə bir dəyişikliyə ehtiyac var idi: "Ölkədə "qara" bazar - smartfon bazarı çox idi. Qiymətlər daha aşağı idi, bu da ölkəyə rəsmi olaraq mobil telefon gətirən, zəmanətli mağazalara problem yaradırdı. Artıq belə problemlər yaşanmayacaq. Digər yollarla smartfonu satan mağazalar da məcbur olub daha baha qiymətə satacaq. Demək olar ki, rəsmi mağazalar qədər. Rəsmi mağazalarda isə qiymət dəyişməyəcək, çünki onsuz da onlar vergini ödəyirlər.

Normalda biz smartfon gətirdikdə, onu hər hansı əlavə ödəniş etmədən İMEİ qeydiyyata sala bilirdik. Misal üçün, ayfonlar üçün 150 manat. Amma rəsmi olmayan məhsulları satan mağazalar (metro ətrafı) "qara" yollarla bazara çıxarıb satırdılar. Məqsəd də həmin qara bazarı bağlamaqdır ki, yalnız rəsmi, zəmanətli  satış olsun. Vətəndaşa nə kimi təsiri var? Biz əvvəllər adi mağazalardan 300-500 manata smartfon alırdıqsa, artıq onu ala bilıməyəcəyik. Məcbur olub rəsmi mağazadan almalı olacağıq. Çünki həmin yerlərdə də artıq qiymətlər artacaq. Onlar məcburdurlar ki, telefonun qiyməti əgər 800 dollardan çoxdursa, onun təqribən 36  faiz vergisini ödəsinlər. Bu birinci təsiridir. İkincisi, əvvəllər insanlar hansısa  ölkədən gələrkən kommersiya məqsədi güdmədən smartfon gətirəndə vergi ödəmirdilərsə, artıq onlar da ödəyəcək. Bu, məsələnin mənfi tərəfidir. Normalda xaricdən şəxsi istifadə üçün mobil telefon gətirəndə daha sərfəli olurdu, bundan sonra olmayacaq".

Milli.Az


Etiketlər:  Ölkədə mobil telefonlar kəskin bahalaşır


RƏYLƏR