Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 14:56
Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təqaüdə göndərilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Həndəm oğlu Əliyev yaş həddi ilə bağlı təqaüdə yola salınıb. Dövlət qulluğunda olmanın yaş həddi başa çatdığına görə Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Həndəm oğlu Əliyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Turani Həndəm oğlu Əliyev uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmış, 24 aprel 2006-cı il tarixdən 07 noyabr 2006-cı il tarixədək Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aqrar məsələlər üzrə başçının müavini, 07 noyabr 2006-cı il tarixdən hal-hazıradək İcra Hakimiyyəti başçısının birinci müavini və eyni zamanda 22 may 2020-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra etmişdir. 27 iyul 2010-cu il tarixdən 01 fevral 2022-ci il tarixədək Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2017-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon ağsaqqalları və ziyalıların iştirakı ilə Turani Əliyevlə keçirilmiş görüş zamanı ona xoş arzularını çatdırıb və bundan sonra da rayonun ictimai həyatında ağsaqqal kimi fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.