Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 11:48
Bakı. Trend:
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:
EUR.
Beynəlxalq valyuta birjalarında bu həftə ticarət aktivliyinin daha da artacağı gözlənilir. Belə ki, çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da Amerika Mərkəzi Bankının (FED) faiz qərarı açıqlanacaq və 0.25%-ə kimi azaldılması proqnozlaşdırılır. Bu, baş verərsə, 1.11$-ın altında ticarət edilən EUR/USD məzənnəsində növbəti dalğalanma, açıqlanacaq digər önəmli fundamental məlumatlardan asılı olacaq. Bunlar isə ABŞ-dan dərc ediləcək istehlak aktivliyi indeksi, ikinci mənzil bazarında satış dövriyyəsi, iqtisadi inkişaf, sənayə indeksi və əmək bazarı ilə bağlı göstəricilərdir. Bununla yanaşı, cümə axşamı saat 14:00-da Avrozonadan yayımlanacaq inflyasiya və iqtisadi inkişaf göstəriciləri də diqqət mərkəzində olacaq.
Ümumi təhlillər, avronun 1.10$-a kimi ucuzlaşacağını proqnozlaşdırmağa əsas verir.
GBP.
Böyük Britaniya parlamenti ilə hökümət arasında Breksit qarşıdurması dərinləşdikcə, siyasi və iqtisadi qeyri-müəyyənlik də artır. Bu, özünü fundamental göstəricilər də göstərir. İnflyasiya son iki ilin, iqtisadi inkişaf son altı ilin minimumuna düşüb, əmək haqları isə azalıb. Son günlər isə razılaşdırılmış Breksitin baş tutacağı ümidləri də azalıb və bu, GBP/USD məzənnəsinin 1.25$-a kimi ucuzlaşacağı proqnozlarını da artırır.
TRY.
Türkiyə birjalarında isə lirədə bahalaşma müşahidə edilir və USD/TRY məzənnəsi əlavə olaraq, 5.64TL-yə kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, cümə axşamı saat 11:00-da xarici ticarət dövriyyəsinə dair açıqlanacaq önəmli statistik göstəricilər də böyük maraqla gözlənilir.
OIL.
Enerji birjalarında 62$-a kimi dəyər qazanan Avropanın Brent markalı neftin bir barel qiymətinin 61$-ın üzərində qaldıqca, 65$-a kimi də bahalaşacağı proqnozlaşdırılır. Bazarlarda neftin artması və təklifin azalması müşahidə edilir və bu, qiymətlərə müsbət təsir etməkdədir.
Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti oktyabr ayının maksimum və minimumun aralığında ticarət edilməkdədir. Lakin qlobal siyasi və iqtisadi risklər nəzərə alınaraq, bahalaşma proqnozları güclü olaraq qalır. Belə ki, bir unsiya üzrə qiymət 1500$-ın (48.2 $/qram) üzərində qaldıqca, 1517$-a (48.8 $/qram) kimi də dəyər qazana bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin