Tarix: 7 Noyabr 2019 19:12
“Qrupumuzda yer alan komandalardan ikisi ilə bu il artıq qarşılaşmışıq. Söhbət Rusiya və Slovakiyadan gedir".
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio federasiyanın rəsmi saytına açıqlamasında deyib.
DÇ-2020-nin elit-raundunun püşkünü dəyərləndirən braziliyalı mütəxəssis Rusiya millisini qrupun favoriti adlandırıb: "Slovakiya və Xorvatiya isə ikinci yer uğrunda mübarizə aparacaq. Rəqiblərimizi ayrı-ayrılıqda xarakterizə etsək, deyərdim ki, Rusiya millisi daim dünya və Avropa çempionatlarının final mərhələsində oynamağa alışıb. Təbii ki, yenidən bu vəsiqəyə sahib çıxmaq üçün hazırlaşacaqlar. Xorvatiya isə oyunları doğma məkanda keçirəcək. Bu onlar üçün əlavə üstünlük olacaq. Slovakiyanı ötən ay Bakıda məğlub etsək də, güclü rəqib olduqlarını qeyd etməliyəm. Ümumiləşdirsək, rəqiblərimizlə mübarizə aparmaq olar”.
Hazırlıq planı ilə bağlı isə baş məşqçi bunları qeyd edib: “Normal qrupda yer almışıq. Komandaların hər birinin bu vəsiqəni qazanmaq şansı var. Artıq kimin necə hazırlaşmasından çox şey asılıdır. Yaxın günlərdə futzal federasiyasının prezidenti Zaur Axundovla görüşəcəm və hazırlıq planını ona təqdim edəcəm. Dekabrda FİFA-nın oyun pəncərəsi var. Bundan istifadə etmək istərdik. Amma yanvarda uzunmüddətli toplanış təşkil etməli və bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Ona qədər heyətimizi də tam komplektləşdirməliyik. Zədəli oyunçularımızdan Kardoso Everton artıq sağalıb və komandasının oyunlarında iştirak edir. Hətta ötən gün qol da vurub.
Əlbəttə, vacib olan final mərhələsinə vəsiqə qazanmaqdır. Bunu qrup birincisi kimi bacaracağıq, yoxsa pley-off yolu ilə edəcəyik, oyunlar və nəticələr göstərəcək. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Vacib olan düzgün, yaxşı hazırlıq keçmək və futzalçılarımızın zədədən uzaq olmasıdır”.