Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2024 13:52
"Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) seçkilər öncəsi formalaşmış həm ifrat sağçı, həm də ifrat solçu siyasi blokların planları vətəndaş müharibəsinə səbəb ola bilər".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
"Belə ki, Milli Birlik Partiyası (Marin Le Penin rəhbərlik etdiyi sağçı partiya; Avropa Parlamentinə seçkilərdə bu partiyanın qələbəsi ilə əlaqədar Makron Milli Assambleyanı buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəlib - red.) insanları ya dinə, ya da mənşəyinə görə ayırır, buna görə də onlar xalqı parçalayır və vətəndaş müharibəsinə sürükləyirlər", - deyə Fransa prezidenti vurğulayıb.
"Öz növbəsində, Milli Assambleyanın buraxılmasından sonra yaradılmış Yeni Xalq Cəbhəsinin tərkibinə daxil olan Jan-Lük Melenşonun "Fəth edilməmiş Fransa"sı bir qədər seçici kommunitarizmi formasını təklif edir, amma bunun arxasında həm də vətəndaş müharibəsi dayanır, çünki ilk növbədə bu, insanları yalnız dini və ya icma mənsubiyyətinə aid etməkdir", - deyir Makron.
Onun açıqlamaları adıçəkilən partiyaların liderləri tərəfindən tənqid edilib. Melenşon bildirib ki, münaqişələri qızışdırmaqda, xüsusən də Yeni Kaledoniyada (Fransa xaricində yerləşən ərazi) iğtişaşlara görə məsuliyyət daşıyan Makrondur. "O, həmişə ocaq qalamaq üçün oradadır", - siyasətçi bildirir.
Milli Birliyin prezidenti Jordan Bardella (AP-yə seçkilərin nəticələrinə görə Fransanın baş naziri olmalı idi) da Makronun açıqlamalarına mənfi reaksiya verib. O, bütün fransız xalqının baş naziri olmaq niyyətində olduğunu söyləyib.
"Bloomberg" Makronun getdikcə daha da sərtləşən şərhlərini seçkilərin birinci turu (30 iyun) ərəfəsində hakim partiyanın səsvermələrdə geridə qalması səbəbindən seçiciləri qazanmaq üçün atılan son addım kimi dəyərləndirib. Aparılan sorğuya əsasən, hazırda Milli Birlik liderdir (səslərin 36%-i), Yeni Xalq Cəbhəsi (29,5%) ikinci yerdədir. Prezident koalisiyası 20,5% səs toplayıb.