Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 13:00
Bakı. Trend:
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü böyük rəğbətlə qarşılayan ağcabədililər genişmiqyaslı kampaniyada ruh yüksəkliyi ilə iştirak edirlər. Nəcib və xeyirxah aksiya zamanı rayon ərazisində yerli şəraitə uyğun minlərlə həmişəyaşıl və meşə ağaclarının əkilməsi planlaşdırılır.
Ağaclar Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində əkilir. Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar iştirak edirlər. Əkilən ağaclar suvarılır və onlara aqrotexniki qaydada qulluq göstərilir.
Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə rayonun incəsənət ustaları musiqi nömrələri ilə çıxış edirlər.
Böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulublar. Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin