Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2025 10:48
Fevralın 24-də Türkiyə Superliqasının XXIV turu çərçivəsində "Qalatasaray" və "Fənərbaxça" arasında gərgin oyun olacaq.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul derbisi ərəfəsində "Cim Bom" tərəfi rəqibin hər hansısa təxribata yola verə biləcəyindən ehtiyatlanır.
Elə "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk dünən "Çaykur Rizespor"la matçdan sonra təşkil olunan mətbuat konfransında bu məqama diqqəti çəkib: "Bizi bu həftə daha 2 oyun gözləyir. Avropa Liqasından sonra "Fənərbaxça" ilə qarşılaşma olacaq. İnşallah, gözəl keçməyini arzulayıram. Təki təxribatın olmayacağı, hər iki komandanın da diqqətini futbolu cəmləyə biləyəcəyi görüş olsun. Derbiyə yaraşan oyun gözləyirik".
Əzəli rəqiblərin oyunundan öncə hakimlik məsələsi də gündəmdədir. Azarkeşləri, futbol mütəxəssislərini derbidə ədalətli hakimliyin olub-olmayacağı maraqlandırır. Ancaq Okan Buruk bu məsələ ilə bağlı kifayət qədər soyuqqanlı açıqlama verib: "Mən idarəçi yox, baş məşqçiyəm. Qərarı Türkiyə Futbol Federasiyası verəcək. Lap kosmosdan hakim gətirsinlər, onun pasportuna baxası deyiləm. İşim meydançada yaşananlarla bağlıdır. Bütün diqqətim oyunda olacaq".
Qeyd edək ki, İstanbul derbisini 6 xallıq görüş də adlandırmaq olar. Çünki "Qalatasaray" qalib gələcəyi təqdirdə, "Fənərbaxça" ilə xal fərqini 9-a çatdıraraq, qızıl medallara bir qədər də yaxınlaşacaq. Joze Mourinyonun komandası isə çempionluq mübarizəsini davam etdirmək üçün ən azı uduzmamalıdır.
Hazırda "Qalatasaray" 63 xalla 1-ci, "Fənərbaxça" isə 57 xalla 2-ci pillədə yer alır.