Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Tarix: 11 Dekabr 2019 12:36

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonu 3 saylı məktəbdə, Cəlilabad Regional Mərkəzi tərəfindən Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad Filialında və Cəlilabad Tibb Kollecində, Şəki Regional Mərkəzi tərəfindən Oğuz rayonunun Ərmənət və Şəki rayonunun Böyük Dəhnə kəndlərində, Quba Regional Mərkəzi tərəfindən isə Quba şəhər 3 nömrəli tam orta məktəbdə və digər yerlərdə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar yerli icra və bələdiyyə qurumları əməkdaşlarının, müəllimlər, tələbələr və yuxarı sinif şagirdlərinin, həmçinin qeyd edilən kəndlərin sakinlərinin, geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Ombudsman aparatından Trend-ə verilən məlumata görə, tədbirlərdə regional mərkəzlərin rəhbərləri iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayıb və onları 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü münasibətilə təbrik ediblər. Onlar çıxış edərək 10 dekabr 1948-ci il tarixdə BMT Baş Məclisi tərəfindən “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin qəbul edildiyini və 1950-ci ildən başlayaraq 10 dekabr tarixinin hər il Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıblar. Bildirilib ki, insan hüquqları sahəsində bütün ölkələrin əməl etməli olduğu normaları müəyyən edən bu sənəd dünya ölkələrinin əksəriyyəti tərəfindən imzalanıb.

Azərbaycan Respublikası keçən əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra BMT-yə üzv qəbul olunduğu və konvensiyalara qoşulduğu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi islahatların təməlində də məhz insan hüquq və azadlıqlarının təmini məsələsinin dayandığı, insan hüquqları üzrə əsas beynəlxalq prinsiplərin Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapdığı iştirakçıların nəzərinə çatdırılıb. Tədbirlərdə həmçinin BMT-nin İnsan hüquqları mexanizmləri, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, Azərbaycan Respublikasında aparılmış hüquqi islahatlar barədə məlumatlar verilib.

Bununla yanaşı, müasir dövrümüzdə bir sıra dövlətlərin insan hüquq və azadlıqlarından öz maraqlarını təmin etmələri üçün digər dövlətlərə təsir vasitəsi kimi istifadə etməyə çalışdığı, həmçinin BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edən dörd qətnaməsinin dünyada mövcud olan ikili standartlar nəticəsində indiyədək icra edilməməsi səbəbindən Azərbaycan xalqının böyük bir hissəsinin əsas insan hüquq və azadlıqlarından məhrum olmaqla uzun illərdir məcburi köçkün həyatı yaşadığı təəssüf hissi ilə qeyd olunub.

Tədbirlərdə Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının ölkəmizdə təşviqi, qorunması və təbliği sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti diqqətə çatdırılaraq vurğulanıb ki, bir çox kateqoriyadan olan vətəndaşlarımızın hüquqlarının qorunmasında olduğu kimi, uşaq hüquqlarının təmini və müdafiəsi sahəsində də Ombudsman təsisatı uğurlar əldə etmişdir. Təsisatda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlər və uşaqlarla bağlı 916 qaynar xətt xidmətinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  dekabr Beynəlxalq İnsan Hüquqları günü ilə əlaqədar silsilə tədbirlər keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ