Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2025 11:46
Builki 9-cu sinif buraxılış imtahanında 298 bal toplayan Bakı şəhəri Elçin Şəmiyev adına 149 nömrəli məktəbin şagirdi Fidan Nəbili ölkə üzrə yüksək nəticə göstərən məktəblilərdən biridir.
Sonxeber.net bu barədə "Azərbaycan müəllimi" qəzetinə istinadən onu sizlərə tanıdır.
Çalışqanlığına və əzminə görə yaşıdları arasında seçilən Fidanın bu nailiyyəti təsadüfi deyil. O, dərslərinə məsuliyyətli yanaşması, imtahana məqsədyönlü hazırlaşması ilə bu nəticəni qazanıb.
Fidan bizimlə söhbətində 11-ci sinif buraxılış imtahanında ən yüksək nəticəni qazanmağın onun ən böyük arzusu olduğunu bildirib. O, artıq bu məqsəd üçün indidən planlı şəkildə hazırlaşdığını hər gün müəyyən bir rejim üzrə dərslərini təkrar etdiyini, əlavə vəsaitlərlə biliklərini dərinləşdirdiyini və zəif bildiyi mövzular üzərində daha çox işlədiyini qeyd edir. Onun bu qədər istəkli və əzmkar olması, qarşıya qoyduğu hədəflərə çatacağına olan inamı daha da gücləndirir.
Fidanın gələcəyə dair böyük arzuları var:
"Həkim olmaq istəyirəm. İnsanlara kömək etmək, xəstələri sağaltmaq və cəmiyyətə faydalı bir şəxs olmaq ən böyük arzumdur", - deyir.
Fidanın sevimli məşğuliyyəti rəsm çəkməkdir: "Boş vaxtlarımda müxtəlif rəsmlər çəkirəm. Rəsm çəkmək mənə həm sevinc, həm də rahatlıq bəxş edir. Müxtəlif rəsm müsabiqələrində iştirak edərək uğur qazanmışam".
Fidanın bugünkü uğurları və gələcək arzuları onun parlaq bir gələcəyə sahib olacağını göstərir.