Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 21:40
Yanvarın 1-dən Özbəkistanda toy və yas mərasimlərinin keçirilməsinin yeni qaydaları qüvvəyə minib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalara əsasən, vətəndaşlar bir gündən artıq toy edə bilməzlər. Toy saat 18:00-da başlayıb 23:00-da qurtarmalıdır.
Qonaqların sayı maksimum 200 nəfər olmalıdır. Toyu hər iki tərəf birgə etdikdə isə bu hədd 300-ə çata bilər. Toy karvanında yalnız üç avtomobil olmasına icazə verilir. Lisenziyası olmayan maşınlardan istifadə etmək qadağandır.
Nikaha daxil olanlar toy haqqında yerli hakimiyyət orqanlarına əvvəlcədən məlumat verməlidirlər. Milli ənənələrə zidd olan şoular, toydan əvvəl və sonra keçirilən, əlavə xərc tələb edən mərasimlər də qadağan edilir. Toyda 50 və ya daha çox insan iştirak edəcəksə, məclisin keçiriləcəyi restoran, yaxud şadlıq sarayı ilə əvvəlcədən müqavilə bağlanmalıdır. Yeni qaydalara əməl etməyən toy sahibləri 2,23 milyon sum (təxminən 234 ABŞ dolları), restoran, kafe sahibləri isə 6,69 milyon sum (təxminən 704 ABŞ dolları) cərimə olunacaqlar.
Dəfn mərasimləri ilə bağlı da yeni qaydalar tətbiq ediləcək. Yas mərasimini aparmaq üçün yalnız dini idarələrin səlahiyyətli nümayəndələri dəvət edilə bilər. Bundan sonra yeddi, cümə axşamları, qırx və il kimi mərasimlərin keçirilməsinə icazə verilməyəcək. Yas mərasimi yalnız üç gün çəkəcək.