Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 18:54
Bakı. Trend:
Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi yayımlanıb.
Trend-in məlumatına görə, birbaşa yayımda Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, iqtisadiyyat, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, iki ölkə arasında son dövrlərdə aparılan danışıqlar prosesindən, Ermənistanın qeyri-konstruktiv mövqeyindən, onun ziddiyyətli bəyanatlarla danışıqlar prosesini pozmasından söz açıb. Azərbaycanın sülh mövqeyi tutduğunu vurğulayaraq onun münaqişənin danışıqlar yolu ilə həllinə çalışdığını bildirib. Qeyd edib ki, problemi öz adı ilə çağırmaq lazımdır. İşğal amili var, 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin salınıb və onlar qaçqın və məcburi köçkün statusunda yaşayırlar. Bu insanların doğma torpaqlarında yaşamaq və öz mülkiyyətindən istifadə etmək hüququ var. Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət diplomatik-siyasi təsirlərini artırmalı və Ermənistandan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmağı tələb etməlidirlər. XXI əsrdə gücdən istifadə edərək dövlətlərin tarixən tanınan sərhədləri dəyişdirilə bilməz.
Hikmət Hacıyev Azərbaycanın xarici siyasətinə də toxunub. O, ölkəmizin Fransa ilə ikitərəfli münasibətlərindən danışaraq Birinci vitse-prezident Mehriban Əliyevanın bu münasibətlərin inkişafında rolunu və ona verdiyi töhfələri xüsusi qeyd edib. Əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu, TANAP və TAP kəmərləri haqqında məlumat verib.
Prezident Administrasiyasının rəsmisi yayım zamanı dinləyicilərin suallarını da cavablandırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin