Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 12:54
Bakı. Trend:
Saxta pulların dövriyyəyə buraxılması, qanunsuz olaraq odlu silah və narkotik vasitələr saxlayan “Topuş” və “Paşa” ləqəbli şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi və Baş Sumqayıt Xətt Polis Bölməsi əməkdaşları tərəfindən saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlama cinayətləri törətməkdə şübhəli bilinən şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Sumqayıt Xətt Polis Bölməsinə bir nəfərin 14 min 100 manat saxta əskinası 1500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Heydər Heydərov Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı qeyd edilən saxta əskinaslar aşkar olunaraq götürülüb. H.Heydərovun ətrafına keçirilən əlavə tədbirlərlə onun saxta əskinasları tanışı paytaxt sakini əvvəllər məhkum olunmuş Pərviz Məmmədovla birlikdə hazırladığı məlum olub.P.Məmmədovun üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan onun saxlanılmasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da iştirak edib. P.Məmmədovun yaşadığı evə baxış zamanı saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar, həmçinin 1 ədəd “AKSU 74” markalı avtomat silah və ona məxsus 5 ədəd patron, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. P.Məmmədov ifadəsində silah-sursatın və metamfetaminin ona məxsus olduğunu və saxta pulları H.Heydərovla birlikdə hazırladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.
Qeyd edək ki, saxlanılan hər iki şəxs cinayət törətməyə meyilli şəxslər kimi xarakterizə olunurlar. Heydər Heydərovun özünə “Topuş”, Pərviz Məmmədov isə “Paşa” ləqəbi götürərək müxtəlif qanunsuz pozuntuları və hüquqazidd əməllər törətdikləri ehtimal olunur. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin