Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 13:12
Bakı. Trend:
SOCAR 2019-cu il üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb.
Şirkətdən Trend-ə bildirilib ki, 2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda neft və qaz hasilatını sabitləşdirməyə nail olub və il ərzində 7,7 milyon ton1 neft, 6,8 milyard kubmetr qaz hasil edilib.
Ölkə üzrə ümumi qaz hasilatı əvvəlki illə müqayisədə təqribən 17% artaraq, 35,6 milyard kubmetrə çatıb. İl ərzində ölkədə 37,5 milyon ton4 xam neft hasil edilmişdir. SOCAR birbaşa özünün istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olsa da, başqa əməliyyatçı şirkətlərin göstəriciləri də daxil omaqla, ümumilikdə ölkə üzrə, neft hasilatının idarəolunan templə təbii azalması davam edib. Təbii azalma 2010-cu ildən sonra əsasən beynəlxalq konsorsium tərəfindən istismar edilən Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlarında müşahidə olunur.
Hesabat ili ərzində ölkə üzrə 291 min metr , SOCAR üzrə 151 min metrə yaxın qazma işləri həyata keçirilib. 2019-cu ildə SOCAR və TOTAL şirkətlərinin birgə layihəsi çərçivəsində “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə 7411 metr dərinliyinə Azərbaycanın qazma uzunluğuna görə ən dərin quyusu qazılmışdır. “Abşeron” yatağının işlənməsi gələcəkdə qaz hasilatının artırılması üçün ən mühüm layihələrdən biridir. Yataqda hasilatın 2021-ci ildə başlanılması, çıxarılacaq qaz həcmlərinin ilk növbədə daxili bazarın tələbatına yönləndirilməsi nəzərdə tutulur.
Ölkədə təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 milyard kubmetr təşkil etmişdir. 2018-ci ilin analoji göstəricisi8 ilə müqayisədə ölkədaxili təbii qaz istehlakı təxminən 918 milyon kubmetr və ya 8,7% artmışdır. Artımın böyük hissəsi qaz-kimya sənayesində istehsalat səviyyəsinin yüksəlməsi, xüsusilə xammal kimi təbii qazdan istifadə edən SOCAR-ın Karbamid və Metanol zavodlarının fəaliyyətə başlaması ilə bağlıdır. Ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində əhali arasında qaz istehlakının səviyyəsi də təxminən 8,5% artmışdır.
Ötən il Azərbaycan təbii qazın ixracını 23% artıraraq, 11,6 milyard kubmetrə çatdırmışdır. SOCAR öz imkanları ilə hasil etdiyi təbii qazın əsas hissəsini daxili bazarın tələbatına yönəldir. İxracın artımı isə beynəlxalq şirkətlər konsorsiumunun istismar etdiyi “Şahdəniz” qaz-kondensat yatağında hasilat səviyyəsinin yüksəlməsi ilə bağlıdır. 2019-cu ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac olunub. Türkiyə bazarına ümumilikdə 9,2 milyard kubmetr, o cümlədən, Cənub Qaz Dəhlizi və TANAP vasitəsi ilə 2,8 milyard kubmetr təbii qaz çatdırılıb. Beləliklə, Azərbaycanın ümumi qaz ixracında Türkiyə bazarının payı 79% təşkil edib.
2019-cu il ərzində SOCAR tərəfindən 21,1 milyon ton xam neft ixrac olunub. Qeyd edək ki, şirkətin öz imkanları ilə hasil etdiyi neftdən başqa, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil edilən neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payı da SOCAR tərəfindən ixrac olunur.
Neft emalı və neft-kimya məhsullarının ixracı 2019-cu il ərzində təqribən 2,2 milyon ton12 təşkil edib, bu da əvvəlki illə müqayisədə təqribən 22% faiz artım deməkdir. Neft- və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və “SOCAR-Polymer” kompleksinin fəaliyyəti, eləcə də SOCAR-ın Metanol zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin