Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 17:20
Bakı. Trend:
Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satıcısı olan Optimal Elektronika öz fəaliyyətini AYİB-in ayırdığı 11,5 milyon avro ekvivalentində manat krediti ilə genişləndirəcək.
1997-ci ildən fəaliyyət göstərən və bazarda aparıcı şirkətlərdən biri olan Optimal Elektronika hazırda ölkə üzrə 79 satış mağazası ilə müştərilərə xidmət göstərir.
Bank tərəfindən ayrılan vəsait yeni inzibati binanın və anbarın tikintisi, resursların planlaşdırılması üzrə SAP proqram təminatının alınması və qısamüddətli bank kreditlərinin yenidən maliyyələşdirilməsi üçün istifadə olunacaq. AYİB-in ayırdığı kredit həmçinin satışların gözlənilən artımı ilə əlaqədar şirkətin dövriyyə vəsaitinin maliyyələşdirilməsinə sərf ediləcək.
Azərbaycanda uğurlu şirkətlərin dəstəklənməsi AYİB-in ölkə iqtisadiyyatının daha rəqabətli olmasını və şaxələndirilməsi səylərinin tərkib hissəsidir.
AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişaf etdirilməsi səylərinə dəstək göstərən aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3.3 milyard avro investisiya qoyuluşu etmişdir. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq firmanın öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım etmişdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin