Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 13:03
Bakı. Trend:
Kadr seçimində şəffaflığın təmin edilməsi, innovativ və texnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunması istiqamətində uğurlu fəaliyyət xətti seçən “Azərişıq” ASC-də interaktiv müsahibələr davam edir. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq keçirilən müsahibələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir. Həftədə bir dəfə həyata keçirilən bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir.
Trend-ə “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, həm zaman itkisinə yol vermir, həm də yol üçün əlavə xərc çəkmiş olmurlar. Bu operativliyin və işə qəbulda şəffaflığın təmin edilməsi üçün uğurlu vasitə hesab olunur.
Bu ildən tətbiq edilən teleprezent sistemi ilə müsahibə artıq 3 dəfə keçirilib. Xatırladaq ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər.
Qeyd edək ki, “Azərişıq” ASC-nin hazırda Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, İmişli şəhərlərində Tədris Mərkəzləri fəaliyyət göstərir. Gələcəkdə Tədris Mərkəzlərinin digər şəhər və rayonlarda da açılması planlaşdırılır. Mərkəzlərdə müəllim və professor heyəti tərəfindən ASC əməkdaşlarına ən son texnoloji yeniliklərin imkanlarından yararlanaraq yeni praktik biliklər tədris olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin