Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 21:28
Koronavirus təhlükəsi səbəbi ilə Litva Milli İctimai Səhiyyə Mərkəzinin (MİSM) mütəxəssisləri ölkənin hava limanlarında növbə çəkirlər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qurumun əməkdaşları Çinə səfər etmiş şəxsləri müayinədən keçirir.
"Litvada heç bir virusa yoluxma halı və yoluxmuş şübhəli şəxs aşkar edilməyib. Lakin Çində Yeni il bayramının başa çatması ilə əlaqədar olaraq, təhlükənin idarə edilməsi üçün əlavə tədbirlər görülür", - deyə MİSM-in Vilnüs departamentinin direktoru Rolanda Linqene deyib.
Bildirib ki, Vilnüs, Kaunas və Palanqa şəhərindəki hava limanlarının qarşılanma zallarında sərnişinləri koronavirus, onun təhlükəsi və Çində olmuş şəxslərin sağlamlıq vəziyyətini müşahidə etmək ehtiyacı barədə məlumat verən mütəxəssislər qarşılayır.
Litva Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına karantinin elan olunduğu Çinin mərkəzi hissəsindəki Hubey əyalətinin şəhərlərinə getməməyi tövsiyə edib.
Qeyd edək ki, ötən şənbə və bazar günləri Litva hava limanlarında bu yaxınlarda Çində olmuş sərnişinlər tibbi müayinədən keçib. Onlar Çində xəstəlik yayılan bölgələrdə olmadığına görə səhhətlərində heç bir problem aşkar edilməyib.