Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 21:57
Bakı. İlhamə İsabalayeva - Trend:
Ölkə ərazisində hava şəraitinin yağmurlu keçməsi gicitkən (Aflais uzticae) və şeytanqanqalı kəpənəklərinin (Vanessa cardui) geniş arealda yayılmasına şərait yaradıb.
Trend-in məlumatına görə, artıq son günlər Ağdam, Ağcabədi, Yardımlı, Cəlilabad, Şəmkir, Samux rayonlarının ərazilərində adı çəkilən kəpənəklərin tırtıllarının yayıldığı müşahidə olunmaqdadır. Ümumi adı küllük kəpənəkləri kimi qeyd olunan bu zərərvericilərin geniş ərazilərdə yayıldığı və tırtıllarının artıq pup mərhələsinə çatdığı məlum olub.
Bu kəpənəklər əsasən şeytanqanqallı, gicitkən, türpəng kimi alaq otları yayılmış sahələrdə (yol, meşə və əkin sahələrinin kənarlarında, çəmənliklərdə, yamaclarda, su hövzələri yaxınlığında və s.) qidalanaraq geniş əraziləri sirayətləndirib.
Yaxşı miqrasiya etmək qabiliyyətinə malik olan kəpənəklər miqrasiyadan əvvəl birləşərək bəzən sayı minlərlə olan böyük sürülər əmələ gətirirlər. Əsasən də iki istiqamətdə - yazda cənubdan şimala, payızda şimaldan cənuba miqrasiya edirlər. Yaz aylarından başlayaraq payıza qədər uçmaq qabiliyyətinə malik olan kəpənəklər dağlıq ərazilərdə dəniz səviyyəsindən 2500-3000 metr hündürlükdə də uça bilirlər.
Dünyada ən çox Yaponiyada geniş yayılıb. Rusiya, Ukrayna, Belarusiya, Moldova, Qafqaz və Qazaxıstanda da rast gəlinir.
Kəpənəklərin uçuşuna aprel ayının əvvəllərində rast gəlinir. Kəpənəyin qanadlarının ölçüsü 47-65 mm-dir. Cütləşdikdən sonra kəpənəklər yabanı otların yarpaqlarının alt səthinə qrup halında (100-200 ədəd) yaşılımtıl yumurtalar qoyur. Yumurta qoyuluşundan 5 gün sonra xırda qara rəngli tırtıllar çıxır və qidalanmağa başlayırlar. Tırtıllar tünd rəngdə, tüklü olub, bədəninin üzərində sarı zolaqlar vardır. Sürfələr 4 dəfə qabıq dəyişərək 5 yaş keçirir.
Puplaşma dövründə tırtıllar gizlin yer seçir və yaxud puplaşmanı birbaşa gövdə üzərində keçirirlər. Havanın temperaturundan asılı olaraq 2-3 həftədən sonra puplardan kəpənəklər çıxır. İqlim şəraitindən asılı olaraq bu həşərat növləri 2-3 nəsil verir. Birinci nəsil aprel, may, ikinci nəsli iyun, iyul, üçüncü nəsil avqust, sentyabr aylarında inkişaf edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti (DFX) əhaliyə müraciət edərək bildirir ki, əgər zərərvericilərin yaşıllıqlara və əkin sahələrinə vurduğu ziyan İqtisadi Zərərvurma Həddini (İZH) keçərsə müvafiq məsləhət almaq üçün DFX-nin rayon Bitki Mühafizəsi Mərkəzlərinə müraciət etsinlər. Dövlət Xidməti eyni zamanda, bu zərərvericilərin tırtıllarına qarşı mübarizə aparmaq məqsədi ilə Aktara (1 ha 0,6-0,8 litr), Avantaj (1 ha 0,8-1,0 litr), Kortac (1 ha 1,0-1,2 litr) , Desis 1 ha (1,2-1,4 litr), Korban 4 (1ha -1,0 litr ) və s. insektisidlərdən istifadə olunmasını tövsiyə edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin