Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 16:00
Bakı. Trend:
“Bakı Metropoliteni” QSC alternativ enerji mənbələrindən istifadə edəcək.
Bu barədə Trend-ə QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
Onun sözlərinə görə, bu məqsədlə dizel-elektrik generatorlarından istifadə olunacaq ki, bu da fövqəladə hallar baş verdikdə “Bakı Metropoliteni” QSC-ni alternativ enerji ilə təmin edəcək.
"Bakı Metropoliteni" QSC və "Azərişıq" ASC-nin potensial imkanları nəzərə alınaraq, məsələyə birgə yanaşma aspektləri, ümumi mövqe müəyyən olunub, görüləcək işlərin əsas istiqamətləri araşdırılıb. Alternativ mənbə funksiyasını daşıyan dizel-elektrik stansiyalarının "Azərişıq" ASC-nin rayon yarımstansiyalarında yaradılması optimal variant kimi qəbul edilib. Qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan veriləcək.
"Azərişıq" ilə hərtərəfli müzakirələrdən sonra dizel-elektrik stansiyalarının yerləşəcəyi yerlər müəyyən olunub və birgə konsepsiya hazırlanıb. Metropolitenin əsas enerji tələbatının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Alınacaq generatorların ümumi gücü də artıq müəyyən olunub.
Ümumilikdə "Azərişıq" ASC-nin yarımstansiyalarında 12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel-generatorın qurulması qətiləşib. Bu məqsədlə "Rolls-Royse Power Systems AG-nin MTU" GmbH şirkəti ilə müxtəlif gücə malik 17 generatorun istehsalı barədə imzalanan müqavilənin nəticəsi olraq həmin qurğular artıq təyinatı üzrə müvafiq yarımstansiyalarda quraşdırılıb. Hazırda sazlama işləri aparılır.
Dizel elektrik stansiyalar fəaliyyətə başlayana qədər baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı "Bakı Metropoliteni" QSC-də ən zəruri ehtiyacların ödənməsi məqsədilə müvəqqəti tədbir də görüb. Yeraltı qrunt sularının metro tunellərindən xaric edilməsi üçün suxaric qurğuların fəaliyyətini təmin etmək məqsədilə 450 kVA gücə malik mobil dizel elektrik stansiyasının sınaqlarının nəticəsi qənaətbəxş hesab olunub. İki belə dizel-generator stansiyası alınaraq ehtiyatda saxlanılır.
Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək.
Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiyada qurulacaq dizel-generator stansiyalar xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin