Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 23:20
Smartfonumuzu hər zaman səliqəli saxlamağa çalışırıq, amma vacib bir detalı bilmirik. İstenilən telefonun ekranında oleofobik örtük var və xüsusi gigiyena tələb edir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, oleofobik örtük barmaq izlərinin ekranda qalmasına qarşıdır, həmin örtük cihazın daha uzun müddət təmiz qalmasına imkan verir. Ekran düzgün təmizlənməsə, bu qoruyucu təbəqə asanlıqla zədələnə bilər.
1. Məişət təmizləyici məhsullarından istifadə etməyin.
Belə məhsullar məişət texnikası üçün təhlükəlidir, çünki tərkibində abraziv maddələr ola bilər.
2. Quru və nəm salfetlərdən istifadə etməyin.
Nəm salfetlər həmişə əlimizin altında olduğu üçün telefonu təmizləmək üçün ən əlverişli vasitə sayılır. Rahat istifadə qaydasına baxmayaraq bu cür salfetlərin tərkibində oleofob örtüyünü məhv edən aqressiv komponentlər ola bilər. Quru salfetlərin isə telefon ekranını cızma ehtimalı var. Bundan əlavə, smartfonunuzu quru salfet ilə təmizlədikdən sonra bəzən ekranın üstündə salfet qırıntıları qalır.
3. Sıxılmış hava spreyindən istifadə etməyin.
Bu sprey kompüter avadanlıqları üçün nəzərdə tutulan təmizləyici vasitədir. Smartfonların quruluşu kompüterdən fərqli olduğu üçün bu təmizləyici vasitə smartfonlar üçün keçərli deyil. Həmin spreylər smartfonların mikrofon tipli dəliklərinə dolub zədələyə bilər.
4. Spirtdən istifadə etməyin.
Spirt yaxşı dezinfeksiyaedici sayılır. Mikrobları öldürmək üçün smartfonun korpusunu onunla silmək olar, yalnız ekran üçün bu vasitə keçərli deyil.
5. Sirkədən istifadə etməyin.
Sirkə də spirt kimi dezinfeksiya üçün istifadə olunur. Bu vasitə ekranı təmizləmək üçün deyil, korpusu təmizləmək üçün yararlıdır.
"Olmaz"lardan danışdıq, bəs "olar"lar hansılardır?
Smartfonunuzun ekranını təmizləmək üçün xüsusi lintsiz parça alın. Bu cür parça istənilən kompüter mağazasında satılır. Onu eynək alarkən də görə biərsiniz.
Ekran çox çirklidirsə, həmin parçanı nəmləndirib telefonunuzu silə bilərsiniz.
Bundan əlavə, spirt konsentrasiyası az olan vasitələrindən də istifadə mümkündür.