Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Virusdan qorunmaq üçün buruna perekis tökmək, yoxsa sabunla yumaq lazımdır? - AÇIQLAMA

Virusdan qorunmaq üçün buruna perekis tökmək, yoxsa sabunla yumaq lazımdır? - AÇIQLAMA

Tarix: 7 Mart 2020 19:15

Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna perekis (Hidrogen peroksid) tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər yayılıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin mətbuat xidməti bununla bağlı Səhiyyə Nazirliyinin baş epidemioloqu, ATU-nun Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayevin bununla bağlı fikirlərini, tövsiyələrini  açıqlayıb.

Baş epidemioloq bildirib ki, bu metoddan özbaşına istifadə etmək məsləhət deyil: "Əvvəlcə, həkimlə məsləhətləşmək lazımdır. Çünki bildiyiniz kimi perekis qıcıqlanma yarada bilən bir məhluldur. Hazırda bütün xəstəxanalarımız gücləndirilmiş rejimdə işləyirlər.Ona görə də insan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir".

Baş epidemioloqun sözlərinə görə, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur: "Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi "Oksalin" məlhəmini də qorunmaq üçün burun dəliklərinə sürtmək olar".

Qoruyucu maska taxılmasına gəlincə, mütəxəssis bunun ətrafında ajiotaj yaradılmasını düzgün saymır. Çünki xəstələnməyən insanın maska taxması məntiqli deyil: "Əgər bu virus ölkədə varsa, maska taxılsa da insana keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım? Bu gün insanları narahat edəcək hal yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar".

İ.Ağayev onu da bildirib ki, hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. O, ölkədə koronavirus epidemiyasının olması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. Yalan informasiyalarla əhali arasında panika yaratmağın düzgün olmadığını bir daha vurğulayıb. İ.Ağayev qeyd edib ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bu haqda dərhal ictimiayyətə məlumat veriləcək: "Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik".

Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb.

Milli.Az


Etiketlər:  Virusdan qorunmaq üçün buruna perekis tökmək yoxsa sabunla yumaq lazımdır AÇIQLAMA


RƏYLƏR