Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 11:36
Bakı. Samir Əli - Trend:
Quba rayonunda xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
Belə ki, RPŞ-nin PPXB-nin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edirlər. Həmçinin yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri çatdırılır, evdə qalmaları barədə xəbərdarlıq edilir.
Bundan əlavə, RPŞ-nin DYPB-nin əməkdaşları rayon ərazisində nəqliyyat vasitələrini idarə edən sürücülərlə də profilaktiki söhbətlər apararaq, xüsusi karantin rejiminə əməl etmələrini və lüzumsuz yerə nəqliyyat vasitəsi idarə etməyərək “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.