Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 11:28
Bakı. Trend:
2020-ci ilin I rübündə Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində ümumilikdə 424 sayda araşdırma aparılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyəti ilə əlaqədar büdcədən maliyyələşən istehlakçılarda 214 sayda texniki araşdırma aparılıb.
Eyni zamanda, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin Azərbaycan Respublikasının qanunlarının, “Qazdan istifadə Qaydaları”nın və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 210 obyektdə texniki yoxlama keçirilib.
Araşdırmalar zamanı aşkar olunmuş pozuntulara görə müvafiq aktlar tərtib edilib və çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan müvafiq göstərişlər verilib.
Həmçinin, Agentlik tərəfindən 3 obyektin elektrik qurğu və avadanlıqlarının “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmaqla, texniki sənədləşdirmə aparılmadan elektrik şəbəkələrinə qoşulduğu aşkar edilib. Qazpaylayıcı şəbəkəyə isə 2 sayda qanunsuz qoşulma faktı qeydə alınıb. Elektrik və qaz şəbəkələrinə qanunsuz qoşulma ilə əlaqədar tədbir görülməsi, o cümlədən belə obyektlərə elektrik enerjisi verilişinin və qaz təchizatının dayandırılması barədə enerjitəchizatı müəssisələrinə və qaz paylayıcılara göstərişlər verilib.
Hesabat dövründə İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisi təchizatı sahəsində yol verilmiş pozuntularla bağlı 6, qaz təchizatı sahəsində 11 protokol tərtib edilib.
Rüb ərzində “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğacların kompüterlə oxunması həyata keçirilib.
Eyni zamanda, istehlakçıların müraciəti əsasında 43 müəssisədə 252 nəfər elektrotexniki heyətin əməyin mühafizəsi, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyinə dair biliyi yoxlanılıb.
Qeyd edək ki, ölkə üzrə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Agentliyin əməkdaşlarının digər şəxslərlə ünsiyyətdə və təmasda olmalarının qarşısının alınması məqsədilə texniki yoxlamaların həyata keçirilməsi dayandırılıb.