Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 16:50
Bakı. Trend:
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 1 aprel 2020-ci il tarixli Qərarı da bu məqsədə xidmət edir.
Qərara əsasən, ölkəmizdə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılır.
Belə ki, qanunvericiliyə uyğun olaraq, ünvanlı sosial yardımı ailəyə iki il müddətinə təyin olunur. Lakin indiki şəraitdə bu müddət bitdiyi halda, ailəyə yardımın verilməsi dayandırılmayacaq. Ailənin təkrar olaraq yardım üçün müraciət etməsinə ehtiyac qalmadan, eyni məbləğdə həmin yardımın xüsusi karantin rejimi dövründə də ödənişi davam edəcək.
Hazırda 70 minədək ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur və orta hesabla hər ailəyə aylıq 216 manat sosial yardım verilir.
Mart ayı ərzində 3516 ailəyə sosial yardımın verilmə müddəti başa çatsa da, yardımın ödənişi davam etdiriləcək.