Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 16:40
Ölkədə karantin rejimi dövründə "evdə qal" çağırışına əsasən insanlar elə evdə qalmağa da üstünlük verdilər. Bu səssizlik də sahibsiz heyvanların şəhər ərazisinə, küçələrə axışmasına səbəb oldu.
Sonxeber.net bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Şəhər küçələrində addımbaşı sahibsiz heyvanlara rast gəlirik. Karantin rejimindən əvvələ və indiyə nəzər saldıqda, nəzərəçarpacaq dərəcədə çoxalma var.
Sakin: "Ən çox da gecə vaxtları, səhər tezdən çoxalırlar sahibsiz heyvanlar. Əvvəl şəhərin ortasında gəzirdilər, indi məhlələrdə gəzirlər. Çünki heyvanlara baxan yoxdur. Camaat şəhərdə olanda əlindən gələni edirdi. Çörək, su verirdilər. Sabah bu itlər aclıqdan qudursa, necə olacaq?"
Heyvanların əvvələr yem mənbəyi rolunu oynayan kafe və restoranlar da bağlanıb ki, bu da onların ac qalmasına gətirib çıxarır. Nəticədə hər bir sahibsiz heyvan potensial təhlükə mənbəyinə çevrilir.
Ekspertlər bildirirlər ki, heyvanların sayının artması bu dönəmdə normaldır. Ancaq mövcud rejimdə vaksinləmə işlərinin aparılması da vacibdir ki, təhlükə doğuracaq bir hal ortaya çıxmasın.
Əbülfət Alıyev - Bakı Şəhəri Baytarlıq İdarəsində aparıcı baytar həkim: "Bakıda bu cür heyvanlara Bakı baytarlıq, regionlarda Aqrar sahə üzrə nümayəndələr baxır. Vaksinləmə aparılır, ola bilər ki, hansısa nəzərdən yayınsın, ancaq bu işlər aparılır. Əsas quduzluq əleyhinə peyvəndlərdir, onlar da aparılır".
Ümumi mənzərə isə onu göstərir ki, müəyyən müddət hər kəs özünü virusla yanaşı sahibsiz heyvanlardan da qorusa yaxşı olar. Çünki diqqətsizliyimiz sonda acı nəticə ilə bitər. Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə, ümumiyyətlə, belə yerlərdə tək buraxmamaq lazımdır.