Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azər Badamov: Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət iqtisadi fəallığı bərpa etməyə imkan verəcək

Azər Badamov: Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət  iqtisadi fəallığı bərpa etməyə imkan verəcək

Tarix: 15 Aprel 2020 15:28

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus bütün dünya iqtisadiyyatı üçün böyük problemdir və təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət iqtisadi fəallığı bərpa etməyə imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər koronavirus pandemiyası, həm də postpandemiya dövründə ölkəmizdə atılmalı olan addımların yol xəritəsidir.

Deputat Prezident İlham Əliyevin “Biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı” fikrinə toxunaraq qeyd edib ki, bu fəlsəfə Prezidentin öz xalqına olan sevgisindən irəli gəlir:

“Prezident İlham Əliyev bütün dövlət resurslarını insanların bu gözəgörünməz bəladan qorunmasına səfərbər edib. Bu gün dövlət öz iqtisadi imkanları çərçivəsində ölkədə iqtisadi fəallığın, makroiqtisadi sabitliyin qorunmasına, sosial dəstəyə ehtiyacı olan şəxslərə dövlət dəstəyinin göstərilməsinə çalışır. Sosial tədbirlər planı 1,9 milyondan çox insanın sosial müdafiəsinə yönəldilib. Dövlət büdcəsindən ilkin olaraq, 2,5 milyard manatdan çox vəsait ayrılıb. Sahibkarlıq subyektlərinə öz iqtisadi fəallıqlarını bərpa etdirilməsi üçün dövlət dəstəyi proqramı hazırlanıb”.

A.Badamov vurğulayıb ki, ilin əvvəlində dövlət büdcəsində bu xərclər nəzərə alınmasa da, vaxtında düzgün sosial-iqtisadi siyasət kursu seçildi:

"Dövlətimizin iqtisadi imkanları artdı, böhranlı vaxtlarda istifadə edilməsi üçün valyuta ehtiyatları formalaşdırıldı. Mart ayından etibarən, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq, birinci rübün sosial iqtisadi göstəricilərin mənzərəsinin müsbət olması qarşılaşdığımız növbəti dünya böhranından az itkilərlə çıxa biləcəyimizi deməyə imkan verir.

Birinci rübdə ÜDM 1.1%, qeyri-neft sektorunda artım 3%. qeyri-neft sənayemiz 23%, kənd təsərrüfatımız 3,7%, inflyasiya 3%, əhalinin pul gəlirləri 7% artıb. Vergi və gömrük sektorundan proqnozdan əlavə 300 milyon manat vəsait dövlət büdcəsinə daxil olub".

A.Badamov qeyd edib ki, dünyada ÜDM mənfiyə doğru hərəkətdədir:

"Bir çox ölkələrin milli valyutaları kəskin inflyasiyaya məruz qalıb. Azərbaycanda isə müəyyən müddət panika yaransa da, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılacağına hamıda əminlik var. Heç bir narahatlığa əsas yoxdur. Manat xaricə təsirlərə qarşı davamlıdır. Təbii ki, bu iqtisadi sabitliyimizin əsasında ölkə başçısının gələcəyə hesablanmış düşünülmüş siyasəti dayanır. Onu da qeyd etmək istəyirəm ki, qlobal pandemiyanın iqtisadiyyatımıza mənfi təsirləri olacaq. Dünyada elə bir ölkə yoxdur ki, bundan təsirsiz ötüb keçsin. Pandemiyadan sonra dünyada iqtisadi mənzərə dəyişiləcək və əvvəlki səviyyəyə qayıtmaq çətin olacaq. Ölkəmizdə isə cənab Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş siyasət imkan verəcək ki, müəyyən müddətdən sonra biz öz iqtisadi fəallığımızı bərpa edə bilək".

Deputat qeyd edib ki, bu gün bütün imkanlar pandemiya ilə mübarizəyə cəlb olunub:

"20-dən çox xəstəxana, “Yeni klinika” koronavirus xəstələrinin müalicəsinə cəlb edilib. Bir ay ərzində daha 10 yeni modul tipli xəstəxana tikiləcək. Tibbi maska və dezinfeksiya vasitələri istehsal edən sahələr qısa bir zamanda istismara verilib. Ölkədə xüsusi karantin rejimi tətbiq olunur".

A.Badamov onu da vurğulayıb ki, ölkə başçısının tapşırıqları ilə görülən tədbirlər nəticəsində Azərbaycanda koronavirus pandemiyasına yoluxmaların sayı aşağı həddə saxlanıla bilib:

"Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirləri çox müsbət dəyərləndirib və bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib. Ölkə başçısının qeyd etdiyi kimi, bizim üçün birinci yerdə vətəndaşlarımızın sağlamlığı dayanır. Biz birlikdə güclüyük”.


Etiketlər:  Azər Badamov Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət iqtisadi fəallığı bərpa etməyə imkan verəcək


RƏYLƏR