Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 14:51
Bakı. İlhamə İsabalayeva – Trend:
“Virtual məktəb” portalında verilən tapşırıqlar şagirdlərin qiymətləndirməsinə təsir etməyəcək, bunlar sadəcə, uşaqların özünü yoxlaması üçün verilən tapşırıqlardır.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
Onun sözlərinə görə, şagirdlər tərəfindən “Virtual məktəb” platformasına olan yanaşma da fərqlidir: “Elə uşaqlar var ki, onlar bir-birləri ilə verilən testlərlə bağlı müzakirələr aparırlar. Bəzi uşaqlar isə bir-birləri ilə sadəcə söhbət edirlər, bundan əyləncə məkanı kimi istifadə edirlər”.
V.Xanlarov qeyd edib ki, hazırda “Virtual məktəb” layihəsinin istifadəçilərinin 85 faizi “Android” proqramının istifadəçilərdir:
“Bu, o deməkdir ki, istifadəçilərin 85 faizi bu sistemə telefon üzərindən daxil olur. Bu gün bu platformadan daha çox telefon üzərindən, daha sonra isə kompüter üzərindən istifadə edilir”.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, martın əvvəlindən ölkə üzrə bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Təhsil Nazirliyi bunu nəzərə alaraq, aprelin 2-də "Virtual məktəb" layihəsinə start verib.
Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.