Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin zamanı sağlam yuxu: 4 önəmli məsləhət

Karantin zamanı sağlam yuxu: 4 önəmli məsləhət

Tarix: 4 May 2020 23:39

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Özümüzü izolyasiya etdiyimiz bu dövrlər bizi virusdan qorusa da, yuxu rejimimizə mənfi təsir edir. Xüsusilə, gənclər gecə gec saatlara qədər oyaq qaldıqlarını, gündüz isə yatdıqlarını vurğulayırlar. Bəs yuxu rejimini normal vəziyyətə salmaq üçün nə etməliyik?

Dünyada pandemiya elan olunduğu dövrdə bütün narahatlıqlara baxmayaraq, rahat və sağlam yuxuya getməyinizə kömək edə biləcək 4 məsləhəti diqqətinizə çatdırırıq.

1. Yatmazdan əvvəl nə dərəcədə sakitsiniz?

Belə gecələr qaçılmazdır: yatmaq istəyirsən, ancaq gün ərzində gördüyün və eşitdiklərin xəbərlərdən sonra sakitləşə bilmədiyini hiss edirsən. Çünki gərgin telefon danışığın olub və yaxud da koronovirusla bağlı son xəbərləri oxumusan. Əlbəttə ki, dünyada nələr baş verdiyini bilmək və hadisələrin hansı istiqamətdə inkişaf etdiyini başa düşmək istəyirik. Problem isə çox güman ki, bunu edərkən seçdiyimiz zamandadır.Yatmazdan əvvəl narahatlıq doğuran xəbərləri oxuyanda, beynimiz tam hazırlıq rejiminə keçir. Bu isə o deməkdir ki, yaxın saatlarda yuxuya getmək mümkün olmayacaq. Bu hallarda özünüzü yormayın, tez yata bilməyəcəksiniz. Əgər sizin üçün doğurdan da yatmazdan əvvəl son xəbərləri bilmək vacibdirsə, dərhal yatmağa çalışmayın, ondansa, sizi sakitləşdirə biləcək bir məşğuliyyət tapın. Məsələn, televizora baxın və yaxud bədii ədəbiyyat oxuyun, sonra yuxuya gedin.

2. Özünüzü kifayət qədər yuxulu hiss edirsinizmi?

Oyaq qaldığınız müddət nə qədər uzun olsa, o qədər də yatağa girəndə yuxuya tez gedəcəyiniz ehtimalı yüksəkdir.  Gün ərzində fiziki hərəkət və aktivlik də, axşam yatmaq istəyinizi artıracaq. Lakin yuxunuz gəlmirsə, yatmağa çalışmayın, necə ki, ac olmayanda soyuducunu da açmırsınız. Bəzilərimiz, nədənsə, yuxusu gəlməsə belə "lazımdır" deyib, atmağa çalışırlar. Ancaq yuxunuz gələndə uzansanız, daha keyfiyyətli yuxu alacaqsınız.

3. Yuxu üçün seçdiyiniz vaxt düzgündürmü?

Karantindən əvvəl, səhər tezdən işə getməli olduğumuzu nəzərə alaraq, müəyyən bir vaxtda yatağa girirdik. İndi hər şey bir az başqa cürdür - bəzilərimizin "lazımdır" deyə yox, bizə rahat olan zaman yatıb durmaq imkanı var. Lakin indiki zamanda vaxtımızı daha çevik idarə edə biləcəyimizə baxmayaraq, formalaşmış gün cədvəlimizə riayət etmək çox vacibdir. Bir gün yatmamaq növbəti gün isə çox yatmaq düzgün deyil. Yuxu ancaq müntəzəm olduqda bizə fayda gətirir və bizim üçün ən uyğun olan yuxu müddətini başa düşdükdən sonra ona əməl edə bilərik. Yuxu saatları daim pozulduqda, dəyişdirildikdə, yaxşı nəticə gözləməyin. Onu da deyək ki, konkret saatda yatıb-durmaq məcburiyyətində deyilsiniz, yuxunuzu səhər və axsam vaxtı bir saatlıq geri və yaxud irəli çəksəniz da olar.
 
4. Sutka ərzində kifayət qədər gün işığı görürsünüzmü? 

Bədənimiz gündüzlər oyaq qalmağa, gecələr isə yatmağa öyrəşib. Günün böyük hissəsini evdə keçirdiyimiz və çölə ancaq vacib hallarda çıxdığımız dövrdə kifayət qədər gün işığı almaq çətindir. Buna görə də, bədənimiz gecə və gündüz arasında fərqi hiss etməkdə çətinlik çəkir.  Belə bir vəziyyətdə aktiv olmalısınız. Evdə fiziki aktivlik nümayiş etdirin, idmanla məşğul olun. Evdə olarkən kompüterdə işləyirsinizsə,  pəncərəyə yaxın oturmağa çalışın. Bu tövsiyələrə əməl etsəniz, bədəniniz gündüzü gecədən fərqləndirəcək.


Etiketlər:  Karantin zamanı sağlam yuxu önəmli məsləhət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ