Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 11:12
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü göstərdi ki, Azərbaycan beynəlxalq öhdəliklərə çox ciddi və məsuliyyətlə yanaşır.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Onun sözlərinə görə, MDB də bu cür mötəbər tədbirlərə sədrlik edən ikinci dövlət yoxdur:
"Azərbaycanın təşəbbüsü ilə keçirilən mötəbər tədbirlər onu göstərir ki, bizim ölkə öz beynəlxalq vəzifələrinə olduqca məsul yanaşır. MDB-də bu cür tədbirlərə sədrlik edən hər hansısa ölkə varmı? Digər bir məsələ, Avropa İttifaqı kimi nəhəng strukturu və maliyyəsi olan bir qurum, İtaliyada baş verən hadisəyə heç bir yardım göstərmədi, biz bunu görmədik. Azərbaycan isə bu cür məsələlərə çox həssas yanaşır. Əgər sədr biziksə, ilk növbədə təşəbbüs də göstərilməlidir və təkliflər də edilməlidir".
Deputat əlavə edib ki, bu cür səylər nəticəsində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələr arasında nüfuzu artır:
"Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir".