Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 14:12
Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodon ilə videokonfrans formatında keçirdiyi görüşdə deyib.
Dövlət başçısı bildirib:
"Sizi görməyimə çox şadam, hörmətli cənab Prezident. Mən də Sizi və Sizin şəxsinizdə bütün Moldova xalqını ötən Qələbə bayramı münasibətilə təbrik etmək istərdim. Bizim ölkələrimizdə bu bayram həmişə çox əziz tutulur. Bizim Qələbəmiz uğrunda canlarından keçənlərin xatirəsini əziz tutmağımız fərəhlidir. Hazırda sağ olanlar, - düzdür, onların sayı getdikcə azalır, - ölkələrimizdə böyük hörmətə sahibdirlər. Əlbəttə ki, biz ikitərəfli planda daim aktiv qarşılıqlı fəaliyyətə istiqamətlənmişik. Mən sizinlə həm Bakıda, həm də beynəlxalq məkanlarda görüşlərimizi xatırlayıram. Buna görə də Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda bir-birinə dəstək göstərilməlidir. Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir. Lakin ağır dəqiqədə, əlbəttə ki, imkan daxilində biz bir-birimizi dəstəkləməliyik. Mən Sizin bununla bağlı məktubunuza və həmçinin bu gün bunu qeyd etdiyinizə görə təşəkkür edirəm. Əlbəttə ki, pandemiya bütün ölkələrdə hadisələrin gedişatına, o cümlədən beynəlxalq siyasət məsələlərinə öz təsirini göstərib. Lakin müasir texnologiyalar fəal işləməyə və hətta bu rejimdə ünsiyyət qurmağa imkan verir. Beləliklə, əminəm ki, bugünkü müzakirəmiz də çox faydalı olacaq və nəticəyə istiqamətlənəcək".