Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 17:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişikliklər edib.
Trend-in məlumatına görə, yeni dəyişikliyə əsasən, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.
Qərara uyğun olaraq, Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ayrıca imtahanın müddəti 1 saat 30 dəqiqədən 45 dəqiqəyə endirilib.
2020-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası çərçivəsində keçirilən buraxılış imtahanları ikimərhələli olduğu zaman imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını vermirlər və onların birinci mərhələdə əldə etdikləri nəticələr Mərkəz tərəfindən 300 ballıq şkalaya keçirilir.