Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 17:32
Sabahdan, mayın 21-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 və 2 saylı Bakı DOST mərkəzlərində vətəndaşlara xidmət göstərilməsi proseduru bərpa ediləcək.
Mərkəzdən Sonxeber.net-a verilən məlumata görə, mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq. 3 saylı Bakı DOST Mərkəzində isə vətəndaşlara müvəqqəti olaraq məhdud çərçivədə xidmətlər göstəriləcək.
Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək. Belə ki, əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı, DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq. Mərkəzlərə gələn vətəndaşların da ÜST-ün tövsiyələrinə əməl edərək qoruyucu üz maskalarından istifadə etmələri tövsiyə edilir.
Xatırladaq ki, yeni növ koronovirus (COVİD-19) infeksiyasının səbəb olduğu qlobal pandemiya səbəbindən ölkəmizdə xüsusi karantin rejimi elan edilib. Bununla əlaqədar mart ayının 15-dən etibarən DOST mərkəzlərində də xüsusi iş rejimi tətbiq edilirdi və vətəndaşların müraciətləri İnternet üzərindən qəbul və emal edilirdi.