Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 11:08
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.
AQTA-dan Trend-ə verilən məlumata görə, növbəti görüşlər Lənkəran şəhəri 4 saylı humanitar-təmayüllü məktəb-lisey və Ağdaş şəhər Müşviq İsayev adına tam orta məktəbin şagirdləri ilə keçirilib.
Görüşdə şagirdlərə Agentliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin