Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əcnəbi turistlərin ölkəyə cəlb olunması üçün daha çox ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunmalıdır"

Tarix: 3 Iyul 2020 16:36

"Bildiyiniz kimi, iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib. Videokonfransın əsas məqsədi ölkə üzrə turizm sektorunun pandemiya ərəfəsində gördüyü mənfi təsirlər və eləcə də postpandemiya dövründə atılacaq addımların müzakirəsi idi".

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransı şərh edərkən deyib.

O bildirib ki, 2020-ci ilin yanvarından etibarən turizm sektoru ortalama 195 milyard ABŞ dolları itirib:

"İlk öncə qeyd etmək istəyirəm ki, turizm sektoru pandemiyada ən çox zərər çəkmiş sektorlardan biridir. Dünya Turizm təşkilatının məlumatına əsasən ümumdünya səviyyəsində 2020-ci ilin yanvarından etibarən turizm sektoru ortalama 195 milyard ABŞ dolları itirib. Bu isə sektorun təqribən 25% kiçilməsinə səbəb olacaqdır. Buna səbəb əsasən pandemiya müddətində ölkələrarası turizm, hava nəqliyyatı və sərhədlərin bağlanmasıdır. Təbii ki, burada ən önəmli məsələ insanların sağlamlığıdır. Faktiki olaraq bu gün düşünəcəyimiz əsas məsələ bu problemlərin ortadan qaldırılması və postpandemiya dövründə atacağımız addımlardır. İlkin olaraq bu qeyri-ənənəvi vəziyyətdə dövlət turizm sektorunda çalışan şirkətlərin zərərlərini kompensasiya etmək üçün davamlı addımlar atılmalıdır. Düşünün ki, aylar öncə yay istirahətlərini müxtəlif ölkələrdə planlaşdıran insanlar üçün şirkətlər müəyyən turpaketlər, aviabiletlər satıblar. Lakin vəziyyətdən asılı olaraq vətəndaşlar istirahətə gedə bilmədikləri üçün haqlı olaraq şirkətdən öz ödədikləri ödənişi geri istəyirlər".

Ekspert bu durumda şirkətlərin də qarşılaşdıqları problemlərin olduğunu qeyd edib və pandemiya şəraitində çıxış yollarını göstərib:

"I. Alınan aviabiletlərin ödənişi hava yolu şirkətləri tərəfindən geri qaytarılmır. Sadəcə sərhədlərin açılanacağı tarixə qədər təxirə salınıb, əvəzlənə biləcəyi bildirildi. Eyni şəkildə otel və s., bu kimi ödənişlər. Təbii ki, bu bir çox problemlərə yol açdı ki, burada ən çox zərər görən də turizm şirkətləri oldu.

II. Turizm sektorunda çalışan işçilərin əməhaqqısının dövlət tərəfindən qarşılanmasıdır. Düzdür, bu sahədə müəyyən addımlar atılıb. Şirkətlərdə ixtisarların olmaması üçün işçilərin maaşı qədər müəyyən kompensasiyalar ödənilib. Lakin düşünürəm ki, bu, bir-iki ay yox, pandemiya bitənə qədər olan dövrü əhatə etməlidir. 

III. Turizm sektorunun postpandemiya sonrası strategiyaları hazırlanmalıdır. Bu strategiyalara bəzi önəmli məsələlər xüsusilə daxil edilməlidir. Məsələn, turizm sektorunda çalışan şirkətlərə, otellərə, eyni şəkildə hava yolları şirkətlərinə xüsusi güzəştli, böyük məbləğdə kreditlər ayrılmalıdır.

Bu sahədə çalışan bütün müəssisələr qalxma periodu bitənə qədər gəlir vergisindən azad olunmalıdır və daxili turizmin inkişafı və eləcə də, dünya səviyyəsində tanıdılması üçün müəyyən addımlar atılmalıdır. Eləcə də, əcnəbi turistlərin, xarici ölkə vətəndaşlarının ölkəyə cəlb olunması üçün daha çox ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunmalıdır. Ekoturizmin inkişafı da çox önəmlidir. Ekoturizmin inkişafı üçün bütün mümkün ssenarilər proqnozlaşdırılmalı, konkret inkişaf planı hazırlanmalıdır". 

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Əcnəbi turistlərin ölkəyə cəlb olunması üçün daha çox ölkəyə sadələşdirilmiş viza sistemi tətbiq olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ