Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 16:28
Bakı. Trend:
Azərbaycanda iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni hədəflərə gedən yolda əldə edilmiş ilkin nəticələr müsbətdir.
Yerli istehsalın dəstəklənməsi
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına görə, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artıb. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artıb. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalıb. Ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərqin əhəmiyyətli dərəcədə azalması müsbət haldır. Azərbaycan hökuməti hazırda yerli istehsalın dəstəklənməsi və idxaldan asılılığın azaldılmasına çalışır. Ölkəmizə xarici bazarlardan bir çox məhsullar daxil olur. Bu məhsullar arasında ən çox idxal olunan mallar ət, süd, kərə yağı və meyvə-tərəvəzdir. Məsələn, Azərbaycan bitki yağları ilə özünü 48 faiz təmin edir. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Kərə yağı ilə isə 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Əksər hallarda idxal məhsulun istehsalı, emalı və qablaşdırlması üçün cəlb edilən texniki avadanlıqlarla bağlı olur. Halbuki bu imkanların ölkə daxilində yaradılması mümkündür. Bu sahədə görülən işlərin sürətləndirilməsi və sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün onlara yeni imkanlar yaradılıb.
Kreditlər, güzəştlər, tətillər...
Azərbaycanda koronavirus pandemiyası şəraitində onun iqtisadiyyata təsiri nəzərə alınaraq dərhal çevik dəstək proqramları həyata keçirilib və sahibkarların dəstəklənməsi istiqamətində yeni alətlər təqdim edilib. Bu alətlərə maddi dəstək, vergi güzəştləri və tətilləri, Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi təkmilləşdirilməsi və s. daxildir. Həmçinin dəstək tədbirlərinin davamı olaraq ölkədə xüsusi vergi rejimi təmin edildi və onlar üçün bizneslərini gözləyən risklər minimuma endirildi. Pandemiya şəraitində sahibkarlığın inkişafı və istehsalın dəstəklənməsi üçün kreditləşmə sistemi təkmilləşdirildi. Belə ki, kreditlərin verilməsində yeni sistem yaradıldı və dövlət zəmanəti ilə sürətli kreditlər təqdim edildi. Kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kreditin müddəti daha 2 il uzadılaraq, kiçik həcmli kreditlər üzrə 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə artırıldı. Kreditlərin əldə edilməsinin asanalaşdırılması üçün sahibkarların girov qoymaq üçün imkanları genişləndirildi və girov kimi əldə etdikləri avadanlıqların göstərilməsi imkanı yaradıldı. Indi sahibkar 3 il müddətinədək müxtəlif banklardan 3 milyon manatadək məbləğində kredit əldə edə bilər. Həm də bu kreditlər üzrə faizlərin yarısını dövlət subsidiyalaşdırır, yəni faizlərin yarısını dövlət sahibkarın yerinə ödəyir. Kredit üzrə güzəşt müddəti 12 ayadək ola bilər, yəni güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir. Bu isə sahibkara inkişaf üçün ciddi maliyyə dəstəyidir. Üstəlik krediti əldə etmək üçün sahibkarın evdən çıxmasına ehtiyac yoxdur. Kreditlər elektron formada verilir və bunun üçün ayrıca resurs – https://e-edf.gov.az/ - Elektron Kredit Platforması yaradılıb. Azərbaycanda tətbiq edilən bu sistem sahibkarlar üçün sadə, rahat və şəffaf formada kredit almaq imkanı yaradır.
Perspektivləri dəyərləndirmək zamanıdır
Sahibkarlar bu imkanları yaxşı dəyərləndirməli və indiki şəraitə uyğun bazar araşdırması apararaq vəsaiti perspektivli sahələrə yönəltməlidirlər. Azərbaycan məhsullarının daha da çox istehsal olunması, idxaldan asılılığın azalması, ixrac qabiliyyətli məhsulların istehsalı, yeni iş yerlərinin yaradılması ölkəmizin orta perspektivdə hədəflərinə daxildir. İdxal məhsullarından asılılığın azaldılması sahibkarlar üçün də faydalıdır. Bunun üçün Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti yaxşı nümunədir. Pandemiya dövründə tələbatın yüksək olduğu məhsulla ölkəmizi təmin etmək üçün qısa müddətdə sahibkarlara kreditlər verildi, nəticədə tibbi maska istehsalı ilə bağlı avadanlığın və xammalın Azərbaycana çox qısa zamanda gətirilməsinə nail olundu. Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkələrində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapdı. Üstəlik maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Müəssisənin istehsal etdiyi məhsullar geniş təqdim olunur və daxili bazarı təmin etməklə yanaşı xarici bazarlara da çıxır. Bu o deməkdir ki, yerli istehsala dəstək sayəsində ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yerli istehsal müəssisələrinin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsi üçün də faydalıdır. Göründüyü kimi idxalı əvəz edən və ixracyönümlü yerli istehsalın yaradılması vətəndaşların işlə təminatına ciddi təkan verir.
Sahibkarlığın inkişafı iqtisadiyyatın inkişafı, işgüzar aktivlik, biznesin çevikliyi deməkdir. Sahibkarlıq üçün yaradılmış mühit sabit, şəffaf və hüquqların təmin olunduğu müstəvidir. Bu alətləri düzgün istiqamətləndirmək, iqtisadi inkişafa nail olmaq və yeni hədəflərə çatmaq üçün faydalı biznes mühiti yaratmaq isə sahibkarların fəaliyyətinə bağlıdır.